İnqilabçı keşiş haranın agentidir?

 İnqilabçı keşiş  haranın agentidir?
  04 İyun 2024    Oxunub:1182
Azərbaycanla Ermənistan arasında delimitasiyanın reallaşmasından sonra İrəvanda revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
İrəvanın rəisi keşiş və etirazçıların qarşısına içkili halda çıxdı - VİDEO
Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib .

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı AzVision.az -a bildirib ki, Ermənistanda keşiş Baqrat Qalstanyanın başlatdığı aksiyalar Rusiya layihəsinin bir hissəsidir. Bütün bunların arxasında Koçaryan, Sarkisyan və Daşnaksutyun ittifaqı durur ki, onlar da kifayət qədər elektorata sahib deyillər.

Onun sözlərinə görə, aksiyalar sönməyə doğru gedir:

“Çünki Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşdırmaq üçün yetərli güc toplaya bilmədilər və onu erkən seçimlərə zorlamaq mexanizmləri yoxdur. Onlar impiçmentə nail olmaq üçün parlamentə 36 imza təqdim etməli və 54 səsə malik olmalıdırlar. Baqrat Qalstanyan Kanada vətəndaşıdır, onun Ermənistan qanunları ilə hakimiyyətə gəlmək şansı yoxdur”.

Politoloq qeyd edib ki, Baqrat ətrafına Ermənistandakı parlament və küçə müxalifətini yığsa və onlara yönəlik siyasət aparsa da əks-effekt doğuracaq:

“Agent olmasına gəlincə, bəllidir ki, din adamları Rusiyanın təhlükəsizlik orqanlarının razılığı olmasa müəyyən mərhələyə gəlib çata bilməzlər. Paşinyan ona agent deyirsə, deməli əlində müəyyən faktlar var. Lazım olanda o faktları da ortaya çıxaracaq. Bundan sonra ona yəqin ki, cinayət işi açacaqlar. Paşinyan üçün bu aksiyalar heç bir təhlükəli nəticələr verməyəcək. Aksiyalar hakimiyyətin işinə yarayır”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ermənistan   BaqratQalstanyan  





Xəbər lenti