Meksikada ilk dəfə qadın prezident seçilib - YENİLƏNİB

 Meksikada ilk dəfə qadın prezident seçilib -  YENİLƏNİB
  03 İyun 2024    Oxunub:1266
Klaudia Şeynbaum Meksikanın ilk qadın prezidenti seçilib.
AzVision.az xəbər verir ki, onun seçki nəticəsi ölkənin seçki komissiyası tərəfindən rəsmən təsdiqlənib.

Nəticəyə əsasən, xanım Şeynbaum 58.3% səs toplayıb. Onun ən güclü rəqibi Soçitl Qalves isə seçicilərdən yalnız 26.6% səs ala bilib. O, nəticə ilə barışmayaraq, "X" hesabında:

"Hələ sayılmayan səslər var. Onların yoxa çıxarılmasına imkan verməyək", - yazıb.

Klaudia Şeynbaumun paytaxt Mexikonun ən böyük meydanı "Sokalo"da qələbə nitqi söyləməsi gözlənilir.

* * *

10:24
Meksika tarixində ilk dəfə qadın namizəd - ölkənin paytaxtı Mexikonun sabiq meri (2018-2023), Milli Dirçəliş Hərəkatının ("MORENA") üzvü Klaudia Şeynbaum Pardo, "exit-poll"un nəticələrinə əsasən, prezident seçilib.
AzVision.az xəbər verir ki, 61 yaşlı xanım namizəd rəqibi, müxalifətdəki Milli Hərəkat Partiyasının ("PAN") üzvü Soçitl Qalvesi 55-63% aralığında səs çoxluğu ilə üstələyib.

"MORENA"nın sədri Mario Delqado paytaxtda tərəfkeşlər qarşısında çıxışı zamanı da Şeynbaumun "böyük fərqlə" qələbə çaldığını dilə gətirib.

Beləliklə, seçki nəticəsinin rəsmi elanının ardınca Klaudia Şeynbaum oktyabrın 1-də Meksikanın ilk qadın prezidenti kimi vəzifəsinə başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Meksika   prezident   seçkilər  





Xəbər lenti