Kür çayının səviyyəsi tədricən azalıb - YENİLƏNİB

Kür çayının səviyyəsi tədricən azalıb -  YENİLƏNİB
  27 May 2024    Oxunub:1729
27 may saat 20:00-a üçün məlumata əsasən, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

* * *

14:50
Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib, Kürün səviyyəsinə təsir edib.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Debed çayı Kür çayına töküldüyü üçün eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində çayınTiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.

Vurğulanıb ki, qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmış, saat 9:00-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.

AzVision.az


Teqlər: Kür-çayı  





Xəbər lenti