Həyat yoldaşının hərbçi çəkmələrində gül əkdi: "Onları atmağa ürəyim gəlmədi"

    Həyat yoldaşının hərbçi çəkmələrində gül əkdi:    "Onları atmağa ürəyim gəlmədi"
  24 May 2024    Oxunub:1393
"Bir şəhid anasının oğlunun çəkmələrinin içində gül əkdiyini görmüşdüm. Ondan çox təsirləndim. Qərara gəldim ki, mən də Fəridin hərbçi çəkmələrində gül yetişdirim".
AzVision.az xəbər verir ki, bunu ordumuzun şəhid giziri Fərid Rüstəmovun xanımı Aynurə Rüstəmova həyat yoldaşının çəkmələrində gül əkməsi ilə bağlı yayılan görüntülərdən danışarkən deyib.

"Tez böyüyən bir güldür. Ötən il əkmişəm. Qışda soldu, indi yenidən gül açdı. Bir şəhid anası belə etmişdi, ondan örnək götürdüm. Yoldaşımın ayaqqabılarını atmaq istəmədim. Dedim içində gül əkim, ondan bizə xatirə qalsın. Onları güllə birlikdə məzarı üzərinə qoymaq istəyirdim, ancaq hava soyuq keçdiyinə görə etmədim. Düşündüm ki, güllər quruyar.

Sağlığında gül-çiçək sevən adam idi. Qarabağda olanda oradan güllərin şəklini çəkib atırdı. Rəhmətə gedəndə böyük qızımın 3 yaşı var idi, balaca isə 8 aylıq idi. Ailəyə, uşaqlarına bağlı insan idi".

Qeyd edək ki, Fərid Nofəl oğlu Rüstəmov 15 dekabr 1993-cü ildə Zərdab rayonun Gəndəbil kəndində anadan olub. Zərdab rayonu, Gəndəbil tam orta məktəbini bitirib.

Azərbaycan Ordusunun kiçik giziri olan Fərid Rüstəmov 2022-ci il sentyabr ayının 12-də Zəngilan rayonu ərazisində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olub. Doğulduğu kənddə dəfn edilib. Ailəli idi, iki az yaşlı övladı var.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə tətif edilib.









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti