Mobil cihazlardakı zərərli tətbiqlər və onlardan qorunmaq üsulları

Mobil cihazlardakı zərərli tətbiqlər və onlardan qorunmaq üsulları
  16 May 2024    Oxunub:2580
Smartfonlar getdikcə daha da güclənir və şirkətlər şəxsi texnologiyadan istifadə edərək korporativ şəbəkələrə daxil olmaq üçün əməkdaşların şəxsi cihazlarından istifadə (bring your own device) siyasətinin tətbiqini genişləndirir. Bununla belə, həm təşkilatlar, həm də fərdi istifadəçilər məqsədi smartfon və planşetləri yoluxdurmaq olan zərərli proqramlardan xəbərdar olmalıdırlar.
Məsələn, troyan kimi zərərli proqramlar növü qanuni proqramlar adı altında yayılır: bunlar məşhur proqramlar adı altında gizlənən zərərli və fırıldaqçılıq proqramlarıdır.
Bu cür tətbiqlərin korporativ və fərdi istifadəçilər üçün yaratdığı təhdidlər təcavüzkarların məqsədlərindən asılıdır. Məsələn, fidyə proqramlarının müəllifləri cihazdakı məlumatlara giriş əldə edə və qurbanı şantaj edə, əgər qurban fidyə ödəməzsə, həmin məlumatları ictimaiyyətə açıqlaya və ya kontakt siyahısındakı şəxslərə göndərə bilərlər. Zərərli proqramların digər növləri messencer hesab məlumatlarını, yaddaşda saxlanılan şifrələri və brauzerlərdəki kukiləri (cookies) oğurlayır. Çox vaxt təcavüzkarlar istifadəçiləri bank xidmətlərində şəxsi hesablara daxil olmaq üçün məlumatları və ya ödəniş məlumatlarına girişi əldə etmək üçün aldatmağa çalışırlar.
Zərərli proqramlara misal olaraq Android üçün “Rasket” adlı troyan-fidyə proqramını göstərmək olar. O, müxtəlif xidmətləri təqlid edir: tanışlıq proqramları, böyüklər üçün söhbətlər, radar detektoru funksiyasına malik proqramları və dəb proqramlarını. Bu halda təcavüzkarlar qurbanları fidyə ödəmək üçün şantaj ediblər. Troyan smartfonda aktivləşdirildikdə o, foto, video və sənədlərə, mesajlara və sahibinin kontaktlarına çıxış əldə edib.
Təcavüzkarlar yalnız saxta bank proqramları və ya kriptovalyuta pul kisələri kimi klassik “yemlər”dən istifadə etmir, həm də öz sxemlərini cari xəbər gündəminə uyğunlaşdırırlar. Bir müddət əvvəl təcavüzkarlar ilin ən çox gözlənilən oyunlarından birinin mobil beta versiyası adı altında fidyə proqramı yaymışdılar. Amma həmin vaxt tərtibatçı hələ oyunun Android üçün versiyasını elan etməmişdi.
“Müasir həyatın ritmində istifadəçi tələsə və smartfonuna orijinal proqram deyil, oxşar simvol və ada malik saxta proqram yüklədiyini görməyə bilər. Belə bir xətanın bədəli çox ağır ola bilər - zərərli proqram cihazda quraşdırıldıqdan sonra təcavüzkarlar şəxsi məlumatları ələ keçirə, vəsait oğurlaya və istifadəçini şantaj edə bilərlər. Əgər bu, istifadəçinin iş tapşırıqları üçün də istifadə etdiyi bir cihazdırsa, bütün təşkilatın məlumatları oğurlana bilər. İstifadəçilər bilməlidirlər ki, mobil qurğu təhdidlərə qarşı kövrək ola bilər və riskləri azaltmaq üçün kibersavadlılığını artırmalıdırlar. Həmçinin mobil qurğular üçün etibarlı təhlükəsizlik həllindən istifadə etməkdə fayda var”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Mobil platformalar üçün müxtəlif kibertəhlükələrdən qorunmaq üçün Kaspersky mütəxəssisləri əsas təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər:
• proqramları yalnız rəsmi platformalarda yükləyin: proqram mağazalarından və ya tərtibatçı şirkətlərinin saytlarından;
• proqramı yükləməzdən əvvəl onun haqqında rəyləri oxuyun və reytinqləri gözdən keçirin;
• həddindən artıq səxavətli və ya ürküdücü mesajlara tənqidi yanaşın;
• internetdə şübhəli reklamların linklərinə keçid etməyin, xüsusilə asan qazanc təklif edən linklərə tənqidi yanaşın;
• mobil cihazlar da daxil olmaqla, cihazlarınızda Android üçün Kaspersky kimi etibarlı həllərdən istifadə edin.
AzVision.az




Teqlər:





Xəbər lenti