"Trendyol"un qiymət artımı nəyi dəyişəcək?

 "Trendyol"un qiymət artımı nəyi dəyişəcək?
  14 May 2024    Oxunub:893
Türkiyənin onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Belə ki, qiymətlər 2,5 dəfə qalxıb. Çatdırılma xidmətinə görə rüsum artıq 79,99 lirə (4,23 AZN) deyil, 199,99 lirədir(10,63 AZN).
“Trendyol”un Bakı ofisindən AzVision.az -a bildirilib ki, yeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir.

-Məhsulların əksəriyyəti üçün qiymət dəyişməz qalır, yəni minimumla (79,99 TL ) hesablanır. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”, - deyə Trendyoldan bildirilib.

İqtisadçı ekspert Eldəniz Əmirov qiymət artımının səbəbini Türkiyədəki inflyasiya ilə əlaqələndirir:

“Bütün istiqamətlərdə, o cümlədən də xidmət sektorunda qiymətlər yüksələn xətlə davam edir. Bundan başqa Trendyol hazırkı məqamda rəqibsizdir və hökmran mövqeyə malikdir. Təsərrüfat subyektinin bazarda hökmran mövqeyə malik olması ona sifarişçilərə qiymət diktə etməsi üçün əla fürsət yaradır.



Yəni burada hər hansısa bir qanun pozuntusundan və yaxud da doğru olmayan bir addımdan söhbət gedə bilməz. Bu, sadəcə bazar qanunlarıdır.

Ekspert qeyd edib ki, qiymət artımı davam edərsə, Trendyol istifadəçilərinin sayı azalacaq:

“Bununla yanaşı, rəqib şirkətlər daha aşağı qiymətlər təklif edərək öz mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Yerli mağaza sahiblərinin müştəri dinamikasında da müsbət artım ola bilər”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti