Hindistanda baş nazir tutuldu: Korrupsiya, yoxsa siyasi gediş

      Hindistanda baş nazir tutuldu:    Korrupsiya, yoxsa siyasi gediş
  23 Aprel 2024    Oxunub:731
Hindistan paytaxtının məhkəməsi Dehlinin baş naziri, müxalif “Ümumi İnsan Partiyası”nın lideri Arvind Kecrivalın həbs müddətini mayın 7-dək uzadıb.
Bu barədə NDTV kanalı məlumat yayıb. Arvind Kecrival isə çirkli pulların yuyulması ittihamı ilə həbsinə etiraz etdiyi ərizəsinə də Ali Məhkəmədə baxılmasını gözləyir.

Martın 21-də Hindistan Maliyyə Nazirliyinin İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Arvind Kecrivalı korrupsiyada mümkün əli olmaqda şübhəli bilinərək saxlayıblar.
Müstəntiqlər onun Dehlidə spirtli içkilərin satışına lisenziya satışı ilə bağlı qanunsuz sxemin iştirakçısı olmasından şübhələnirlər.

Bundan əlavə, ittiham tərəfinin fikrincə, “Ümumi İnsan Partiyası” rəhbərliyi milyard rupi (indiki məzənnə ilə 12 milyon dollar) rüşvət alıb və dövlət büdcəsinə ümumilikdə 70 milyon dollar ziyan vurub.

Arvind Kecrival özü bütün ittihamları rədd edərək, onları siyasi motivli hesab edir. “Ümumi İnsan Partiyası”nın daxil olduğu HİNDİSTAN müxalifət koalisiyasının nümayəndələri bildiriblər ki, təqibin məqsədi aprelin 19-da keçirilən ölkədə parlament seçkilərində müxalifətin seçki perspektivlərini sarsıtmaqdır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti