Azərbaycan tarixinin gizli qüvvəsi: Əxilər - ARAŞDIRMA

Azərbaycan tarixinin gizli qüvvəsi: Əxilər - ARAŞDIRMA
  01 İyul 2014    Oxunub:12504
Davamı. Əvvəli BURADA

Şeyx Əxi Qəssabın başçılığı ilə 1406-cı ildə Təbrizdə Teymurilərə qarşı baş verən üsyan nəticəsində şəhər sənətkarlar və yoxsullardan ibarət üsyançılar tərəfindən ələ keçirilir və bir neçə ay idarə olunur. Bundan başqa, yenə 1412-cı ildə Qaraqoyunlu Qara Yusif Təbriz şəhərini ələ keçirərkən Şirvanşah İbrahimi əsir götürür.


O vaxtlar Təbriz qazisi və şəhər rəisi kimi fəaliyyət göstərən Əxi Qəssab başda olmaqla, şəhər əyanları Qara Yusifin yanına gedib onun can bahası olaraq verəcəyi pulu, sonradan əvəzini Şirvan dövləti xəzinəsindən almaq şərtilə, qiymətli şeylərlə ödəyib Şirvanşahı azad etdilər.

Qaraqoyunlu dövlətinin banisi Qara Yusufun Şeyx Əxi Qəssabla hesablaşması, onun şəhər əhalisindən bu qədər malı toplaya bilməsi bir daha əxi şeyxin Təbriz əhli arasındakı nüfuzundan xəbər verirdi. Göründüyü kimi, artıq XV əsrin əvvəllərində əxi başçılarının feodallarla əlaqəsi ortaya çıxır.

Səfəvi dövlətinin quruluşunda və güclənməsində Anadoludan köçüb Səfəvi dövlətinin xidmətinə girən Anadolu türkmənləriylə birlikdə əxilərin də rolu olub. Bu vəziyyət, əxilərin Səfəvilərlə və tarixi müddətdə şiəliklə əlaqəsini də ortaya qoymaqdadır. Səfəvi ordularında əxilərin qazi kimi vuruşduğu da məlumdur. Şah İsmayılın sərkərdələrindən biri Əxi sultan Təkəli idi. Bu əxi bəyə şah Xəzərin cənub-qərb sahillərini vermişdi. Şah İsmayıl öz tərəfdarlarını “qazi”, “sufi, “əxi” adlandıraraq” onlara güvəndiyini şeirlərində də ifadə etmişdi:

Şahın övladına iqrar edənlər
Əxi1ər, ğazilər, əbdallar oldı.


XV əsrin sonlarında Ağqoyunlu sarayında nüfuzlu əmirlərdən biri də Əxi Fərəc ibn Əli idi. Sosial-siyasi dəyişikliklərə uğrayan əxilər şəhər sənətkarlarının və yoxsullarının həyatında önəmli rollarını və bununla da mövqelərini əldən verdilər. Təbii ki, qazi kimi Səfəvi ordusunda vuruşan əxilərdən fərqli olaraq sərkərdə əxilər varlanır, şahdan ənamlar alır, təbəqələşmə artır, onlara inam azalırdı.

Dövlətşah Səmərqəndinin verdiyi məlumata görə, böyük şair Nizami Gəncəvi də Əxi Fərrux Zəncaninin müridi olub. Əsgər Əhməd özünün «XII - XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti» əsərində haqlı olaraq qeyd edir ki, əslində Dövlətşah Səmərqəndi bir yanlışlığa yol verir. Belə ki, Zəncani Şeyx Nizaminin anadan olmasından yetmiş il öncə dünyasını dəyişib. Y.E.Bertels də Dövlətşah təzkirəsindəki Nizami Gəncəvinin əxi Şeyxi Fərrux Zəncaninin müridlərindən olması haqqında qeydini şübhə altına alır. Şeyx Nizami olsa-olsa özünü ancaq onun mənəvi müridlərindən hesab edə bilərdi. Bertels Nizaminin əxi sufi təriqətinə – zalım hökmdarlara qarşı mübarizə aparan "əmək cəngavərlərinin" gizli cəmiyyətinə mənsub olduğunu yazırdı.

A.Y.Krımski də hesab edir ki, Nizami hələ gənc yaşlarından əxi sektasına (fütüvvət ordeninə) qoşulub. M.Ə.Rəsulzadə də Nizaminin əsərlərində əxiliklə bağlı çoxlu motivlərin olduğunu bildirir: “Yalnız “Xəmsə”nin ədəbi təşbehləri arasında “əxiliyi” andıran fikirlərə deyil, əsnaf cəmiyyətləri arasında yayılmış və onları birləşdirən “əxi” ideologiyasında da Nizami fikirlərinə uyğun ideyalara rast gəlirik. “Fütüvvətnamə”lərdəki əxlaq normaları ilə Nizamidəki əxlaqi beytləri qarşılaşdırsaq, ibrətamiz nəticələrə gələ bilərik”. Tam şəkildə qətiyyətlə deyə bilərik, dahi şairimizin “Sirrlər Xəzinəsi” ümumiyyətlə əxi kodeksləri və rəvayətləri ilə tam şəkildə kodlaşdırılmış olan bir ədəbi nümunə hesab edilə bilər.

Ə.Xaqaninin də əxi ideyasının daşıyıcısı olduğunu irəli sürürlür. Professor X.Yusifli Xaqani Şirvaninin seçilmiş əsərlərinə yazdığı “Xaqani Şirvani və ədəbi irsi” adlı ön sözdə yazır: “Şair dünyagörüşü etibarilə əvvəllər Ərəstü (Aristotel) - İbn Sina fəlsəfəsinə rəğbət bəsləmiş, hikməti-məşşani (məşşai-peripatetik fəlsəfəni) qəbul etmiş, lakin çox erkən də bu mövqedən uzaqlaşmış və əxilik mövqeyinə keçmişdi. Onun yaradıcılığındakı humanizmi, yunan fəlsəfəsinə tənqidi münasibəti də məhz bu əxilik dünyagörüşü ilə bağlılıq müəyyənləşdirir. Sufızmə, məlamiliyə, qələndəriyəyə rəğbət göstərən sənətkar əxilik ideyaları cəbhəsində daha inamla dayanmışdı. Əxilik onun yaradıcılığına sağlam və dərin humanizm, xəlqilik, demokratiklik bəxş etmişdi”.

O, Xaqani yaradıcılığından "Mərdlərin, yəni əxilərin ayaq torpağını başına tac elə, ancaq qızıl tac alıb gizli sirrini bildirmə", "Şah məftun olan kəs dərviş deyil, gərək dərviş yoxsulla şahı bir gözlə görə". "Torpaq sənin dayən olub, südünü əmmisən, o da sənin qanını əməcək. Sənin qanın dayənin verdiyi süddəndir. Əlində tutduğun badə cavanlar qanıdır, icmə, zalımların nəfsi kimi bu qaniçən dünyanın içi məzarıstan, eşiyi isə bağbağçadır" kimi misallar gətirərək onun əxiliyə mənsubluğunu sübut etməyə çalışır.

Lakin elə gətirdiyimiz fakt və misallardan da göründüyü kimi, orta çağlarda Gəncə və Şirvan nəinki sənətkarlıq mərkəzi, eləcə də əxiliyin geniş yayıldığı bölgələr kimi tanınırdılar. Bunu günümüzdə belə həm şairlərin yaradıcılığında, həm şəhərin memarlıq abidələri arasında özünə yer alan Comərd Qəssab türbəsi, həm də Azərbaycan tarixində şanlı səhifələrdən biri olan duluzçu Bəndər üsyanı bir daha sübut edir.

Əxiliyin qurucuları: Azərbaycanlı alimlər

Əxi Fərəc Zəncani və Əxi Evrən

Əxi Fərəc Zəncani Seyid Əbülabbas Nəhavəndinin müridi idi. Azərbaycan ərazisində yaşayan XI əsr əxilərdən ilk söz açan müəlliflərdən biri Cüllabi Xuciviri o vaxtın ən məşhur əxisi kimi Fərəc Zəncani adlı bir nəfərdən söz açır. Və dövrün təsəvvüf alimlərindən ən böyüyü olduğunu deyir. Dövlətşah Səmərqəndiyə görə Fərəc Zəncani Azərbaycanda yaşayan türklərdən olmuş, eyni zamanda Nizami Gəncəvinin müəllimi olması haqqında məlumatlar vermişdi.

Əsl adı Şeyx Nəsrəddin Mahmud olan Əxi Əvrən 1171-ci ildə Azərbaycanın Xoy şəhərində anadan olub. Uşaqlığı və ilk təhsil dövrü öz ölkəsində keçib. Sonra Xorasana gedərək görkəmli alim Fəxrəddin Razinin təhsil halqasına daxil olaraq, ondan feyz alıb. Fəxrəddin Razinin böyük kəlam alimi olması, Şeyx Nəsrəddin Mahmudun də şəri elmləri öyrəndiyini söyləməyə əsas verir. Bununla yanaşı o, ilk təsəvvüfi tərbiyəsini Xorasan və Məvarəünnəhrdə yəsəvilik dərvişlərindən alıb. Daha sonra Həcc səfəri üçün ölkəsindən ayrılan Əxi Əvrənin bu səyahət zamanı Şeyx Əvhədəddin Kirmani ilə tanış olub ona mürid olması məlumdur. Əxi Əvrən şeyxi Əvhədəddin Kirmaninin qızı Fatimə ilə evlənib, onun kürəkəni də olur.

Səlcuqlu sultanı I Qiyasəddin Keyxosrov zamanında Əvhədəddin Kirmani ilə birlikdə Anadoluya gələn Əxi Əvrən ilk öncə Kayseridə məskunlaşır və burada bir dabbağlıq emalatxanası qurur. Şeyx Nəsrəddin Mahmud Xoyi eyni zamanda “32 peşənin ustadı” kimi məşhur idi. O, dabbağ, yəni dəriçi idi. Dərinin emal edilməsi və dəridən müxtəlif əşyaların düzəldilməsində mahir idi. Şeyx dəri emalı və işlənməsiylə bağlı əsərlərin də müəllifi idi. Kayseri şəhərində o, böyük bir sənaye şəhərciyi qurmuşdu. Müxtəlif peşə sahibləri bu şəhərcikdə toplanmışdılar və Şeyx Mahmud Xoyini özlərinin ustadı sayırdılar.

O, şeyxi ilə birlikdə Anadolunun şəhər, qəsəbə və kəndlərini gəzərək, əxilik anlayışının yayılması və təşkilatlanmasına rəhbərlik edir. Bu zaman şərqdən-qərbə bütün Türk dünyası Monqol təhlükəsi ilə qarşı-qarşıya qalır. Onun təşviqləri ilə əxilər və xalq, kütlələr halında Anadoluya axan monqollara qarşı qəhrəmancasına mücadilə edirlər. Anadolunun qarışıqlıq zamanında Anadolu Səlcuqi dövlətinə qarşı meydana gələn bir hadisə bəhanəsi ilə Əxi Əvrən iftiraya məruz qalır və həbs edilir. Beş il həbsdə qaldıqandan sonra Dənizliyə gedir. Bir müddət sonra Sədrəddin Konəvinin istəyinə əsasən digər üləma ilə birlikdə Konyaya qayıdır. Konyada bir müddət yaşadıqdan sonra mövləvilərlə aralarında meydana gələn anlaşmazlığa və ən əsası da Mövləvilərin mürşidi Şəms Təbrizinin öldürülməsində günahlandırıldığına görə Konyadan çıxıb Kırşəhərə gedir. O, burada əxiliyin nəzəri və praktiki əsaslarını əks etdirən bir çox dəyərli əsərlər yazır (Mətaliul-iman”, “Mənahüci səyfi”, “Tabsirətül-mübtədi və Təzkirətül-münhəci”, “Yəzdani-şenaxt”, “Müridil-kifayə”, “Ağaz-u əncam”, “Mədhi-fəqr və Zəmmi-dünya”, “Risaleyi-ərz”, “Cihadnamə”, “Lətaif-i Hikmət”, “Mürşidül-Kifayə”, “Tercüme-i Əlvah-i İmadi”, “ət-Təvəccühül-Ətəmm” və s.).

Ümumiyyətlə, son dərəcə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bu illərdə əxilərlə - mövləvilərin, Əxi Əvrənlə Mövlanə Cəlaləddin Ruminin münasibətlərindəki gərginliklərlə bağlı son araşdırmalar maraqlı məqamları ortaya çıxardır. 1243-ci ildə Anadoluda baş vermiş Kosadağ müharibəsində Səlcuqlu ordusu məğlub olandan sonra moğol orduları Anadoluya daxil olaraq dəhşətli qırğınlar törədirlər. Kayseri şəhərinin mühasirə olunmasında və şəhərin ələ keçirilməsində, başda Şəms Təbrizi olmaqla, “cəvlakilər” və mövləvi dərvişlərinin monqollara kömək etdiyi mənbələrdə qeyd edilməkdədir. Kayseridəki əxilər isə müdafiəni təşkil edərək monqolların şəhəri işğal etməsinə uzun müddət mane olurdular. Lakin nəticədə cövlaki dərvişlərin köməyi ilə monqol orduları şəhərə daxil ola bilirlər.

Bu hadisə əxilərlə bəzi sufi dərvişlərinin münasibətlərindəki gərginliyi yüksək səviyyəyə çıxardır. Əxilər Anadolunun bütün şəhərlərində monqollara qarşı cihad elan edərək mübarizəni təşkil edir və əhalini monqollara itaət etməməyə çağırırdılar. Bu gərginlik zəminində Konyaya gəlmiş Şəms Təbriziyə qarşı sui-qəsd təşkil edilir və Şəms Təbrizi bu sui-qəsd nəticəsində qətlə yetirilir. Mənbələr Əxi Evrənin müridi olan və Cəlaləddin Ruminin oğlu Əlaəddin Çələbinin başçılığı ilə 7 nəfər əxinin Şəms Təbrizini 1247-ci ildə xəncərlə doğrayaraq bir quyuya atdıqlarını qeyd edir. Bu hadisədən sonra bəzi dövlət xadimlərinin təzyiqi ilə Əxi Əvrən baş vəzirlik vəzifəsindən uzaqlaşdırılır və paytaxt şəhəri olan Konyanı tərk etməyə məcbur edilir. Əxi Əvrən öz tələbələri ilə Kırşəhrdə məskunlaşır.

Bundan sonra ölkənin hər tərəfindən əxilər Kırşəhrə, onun ətrafına toplaşmağa başlayırlar. Səlcuqlu hökmdarı IV Qılınc Arslanın moğolların təzyiqi ilə atdığı addımlar, əxilərdə narazılıqlara səbəb olur. Bu da nəticədə Kırşəhrdə əxilərin moğol işğalçılarına qarşı qiyamı ilə nəticələnir. Bu zama mövləvilərdən ciddi dəstək alan monqollar, nəticədə qiyamı çox qanlı bir şəkildə yatırmağa müvəffəq olurlar. 1262-ci ildə moğolları Kırşəhri tamamilə zəbt edilir. Yaşı 90-ı haqlamış Əxi Əvrənlə yanaşı minlərlə əxi, o cümlədən Mövlanənin oğlu Əxi Əlaəddin Çələbi Qırşəhər əmiri Nurəddin Caca tərəfindən şəhid edilir.

Əxi Əvrənə görə, əxiliyə girənlərin bir sənətə sahib olması vacibdir. Çünki, əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürmüşdür. Halal qazancın yolu insanın öz əməyi ilə dolana biləcəyi bir sənətə sahib olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalıdır. Çünki, cihad Quranda fərz qılınmışdır. Ona sual verib nəsihət istəyənlərə “Ey əxi (qardaşım)! Alış-veriş elmini bilməyən, haram loxmadan xilas ola bilməz. Haram loxma yeyən isə ibadətlərinin savabını tapa bilməz. Zəhmətləri həmişə boşa gedər. Sonunda böyük əzaba tutular və peşman olar” deyirdi. Əxi Əvrən bundan başqa, getdiyi yerlərdə tacirleri bir yerə toplayıb təşkilatlandırırdı. Beləliklə, o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu oldu. Bu təşkilatın xocası (müəllimi) və bütün Anadolu əxilərinin şeyxi qəbul edildi.

Şeyx Mahmud Xoyi haqqında ən geniş və ətraflı tədqiqat professor Mikail Bayram tərəfindən aparılıb. Möhtərəm professor əslən cənubi Azərbaycanın Xoy şəhərindən olan bu azərbaycanlı mütəfəkkirin 20-dən çox əsərin müəllifi olduğunu müəyyənləşdirib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Şeyx Nəsrəddin Mahdum Xoyi ilə bütün türk dünyasında, o cümlədən ölkəmizdə xalq arasında lətifələri ilə bu gün də məşhur olan və sevilən Molla Nəsrəddin eyni adamdır. Şeyx Nəsrəddin Mahmud Xoyinin ən məşhur əsərləri “Lətaiful-Hikmə” və “Lətaiful-Qiyasiyyə” adlı əsərlərdir. “Lətaiful-Qiyasiyyə” adlı əsərini müəllif Anadolu Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrova (1237-1246) ithafən yazıb və dövlətin idarə olunmasına dair sultana müxtəlif məsləhətlərini bu əsərdə qeyd edib.

Sultan I Əlaəddin (1219-1237), sultan II Qiyasəddin (1237-1246) və sultan II İzzəddinin (1246-1256/1257-1261) hakimiyyəti dövründə yaşamış Şeyx Mahmud Xoyi eyni zamanda “Tuhfətuş-Şəkur”, “Yəzdani Şenaxt”, “Mətailul-İman” kimi əsərlərin də müəllifidir. Bu əsərlərində o, müxtəlif sənət və peşə sahələri, İslam dininin əsasları, hətta insan anatomiyası kimi tibbi mövzulara da toxunub. Sultan I Əlaəddinin böyük hörmətini qazanan şeyx, sultan II İzzəddinin hakimiyyəti dövründə 1246-1248-ci illərdə baş vəzir vəzifəsinə təyin olunub.

Əxilik nəyi öyrədirdi?

Əxilər həqiqətən məslək və sənət sahibi, qonaqsevər və əxlaqlı adamlar idilər. Onlar, yamaq, çıraq, kalfa və ya şagird olaraq yanlarında işlətdikləri gəncləri hər baxımdan istedadlı, əxlaqlı və vətənsevər biri olaraq yetişdirirdilər. Buna görə onlar Səlcuqlular zamanında olduğu kimi, Osmanlılar zamanında da çox etibarlı insanlar hesab olunurdular. İlk Osmanlı sultanları onları sərhəd boylarında nizam-intizam yaradan qoruyucular olaraq istifadə etmişdilər. Oralarda qurduqları vəqflərin idarəsini əxilərə tapşırırdılar.

Əxiliyin əsas məqsədi, insanları dünya və axirətdə xoşbəxt olmaları üçün çalışmaqdır. Bu anlayış, əxilərin dünya üçün axirətlərini, axirət üçün dünyalarını tərk etməmələrində ibarət idi. Savaşan, çatışan, aqresiv yox, sevgi, hörmət sahibləri hesab olunurdu. Varlı ilə kasıb, istehsalçı ilə istehlakçı, əmək və sərmayə, millət ilə dövlət, qısacası cəmiyyətin bütün fərd və qurumları arasında yaxşı münasibətlər quraraq hər kəsin xöşbəxt halda yaşamasını təmin etmək əxi təşkilatlarının başlıca məqsədləri hesab olunurdu.

Əxilikdə cəmiyyət bir bütöv olaraq qəbul edilir. İnsanlar, məsləklərinə, rənglərinə, mövqelərinə və sərvətlərinə görə ayrılmazlar. Hər fərd cəmiyyətin bir parçası olaraq görülür. Bir insanın rahatsızlığı bütün cəmiyyətə təsir edər. Qonşusu aç ikən tox yatanın cəmiyyətdə yeri olmadığı düşünülür. Təşkilat yalnız üzvlərini deyil toplumun bütün fərdlərini düşünmək və təşkilatlanmasını buna görə qurmaq məcburiyyətində idi. Necə ki bir əxi qazancından ona yetəcək qədər istifadə etməli artıq qalarsa bunu kimsəsizlərə, köməyə ehtiyacı olanlara paylamalı idi. Bu düşüncə əxiliyin əsas əxlaqi qanunu halına gəlmişdir.

Əxi birlikləri üzvlərinin daha yaxşı yaşamasını, məsləyini daha yaxşı inkişaf etdirməsini istəməklə yanaşı, eyni zamanda üzvlərinin tərbiyəsi, fəziləti, dürüstlüyü və inanclarının sağlamlaşdırılması kimi mənəvi dəyərlərə də fikir verirdi. Bu mövzuda çalışan bir çox araşdırmaçıların diqqətini çəkən və maraqlarını artıran türk əsnaf və sənətkarları gözəl əxlaq və davranışlarını bu əxi birliklərdə öyrənmişdilər. Əxi birliklərinə görə güzəştə gedilmədən əxlaq qayda qanunlarını pozanlar cəzalandırılırdılar. Əxilik əxlaqını meydana gətirən qaydalar acıq və qapalı, xarici və ya daxili olmaq üzrə iki yerə bölünürdü: Qapalı və ya daxilə aid olan əmrlər; şəhvət, mədə, dil, göz, qulaq, əl-ayaq və tamahla bağlı olan əmrlərdən ibarətdir. Şəhvət ilə bağlı əmr, qeyri qanuni münasibətlərdən qorunmaq, mədə ilə bağlı əmr, Allah tərəfindən qadağan edilmiş yeyəcək və içəcəklərdən uzaq durmaq, göz və qulaqla bağlı əmr, görülməməsi və duyulmaması lazım olan şeylərdən uzaq dayanmaq, əl və ayaqla bağlı əmr, pislik etməkdən çəkinmək, tamah ilə bağlı əmr, dünya nemətlərinə qarşı hədsiz sevgidən çəkinməyi özündə ehtiva edər. Bu əmrlər Azərbaycan, Özbək və Anadolu türklərinin atalar sözünə belə daxil olub: “Əlinə, Belinə, Dilinə hakim ol”.

Açıq və xaricə aid olan əmrlər isə; mərdlik, təvəzökarlıq, kərəm, mərhəmət və bağışlama kimi xüsuslardan ibarət idi.

Təşkilata daxil olmaq digər batini təriqətlərdə olduğu kimi, xüsusi mərasimlə həyata keçirilirdi. Mərasimdə namizədə göy rəngdə kəmər bağlanır və bütün insanlara qarşı sevgi dolu, sayğılı davranmalı, doğruluq və igidlikdən ayrılmaması tövsiyyə olunur. Təşkilat üzvlərindən bağlılıq, sonsuz itaət və tabeçilik istənilir. Dinsizlər təşkilata daxil ola bilməz, lakin sofu və tərki-dünya olan kimsələrin də əxilər arasında yeri yox idi. Əxilikdə də bilgilənmə, səbr, ruhun təmizlənməsi, sədaqət, dostluq, xoşgörü, qanunlara əməl etmək kimi tələblərin irəli sürüldüyü mərhələlərdən keçilir. Bu vəsflərə sahib olmaqdan savayı Əxiliyin başlıca 6 təməl prinsipləri bunlardır:

1. Əlini açıq tut
2. Süfrəni açıq tut
3. Qapını açıq tut
4. Gözünü bağlı tut
5. Belinə sahib ol
6. Dilinə sahib ol.

Əxilikdə üç mərhələli və 9 dərəcəli bir sistem mövcuddur. Birinci mərhələ olan “Şəriət” qapısında müridə məsləyi ilə bağlı bilgilər, Quran dərsi, oxuma və yazma, Türk dili, riyaziyyat və təşkilatın anayasası dərəcəsində olan Fütüvvətnamə öyrədilir. İkinci mərhələdə “Təriqət” qapısında məsləyi ilə bağlı bilgilər ən yüksək dərəcəyə çıxardılır, təsəvvüf, musiqi, Ərəb və fars dilində dərsləri tədris edilir. Bu mərhələdə mürid eyni zamanda hərbi dərslər də alır. Şeyx mərtəbəsinə yüksələn üçüncü mərhələ - “Mərifət” qapısıdır. Bu mərhələdə müriddən Allaha sonsuz bağlılıq, şəxsi eqonun öldürülməsi, ululara xidmət və cəhalət qarşısında susqunluq tələb olunur. Əxilərin qanunlarına görə, yalnız bunlar tamamlandıqdan sonra “Həqiqət”ə çatmaq, bununla da insanın kamala ərməsi mümkün olur. Fütüvvət kimi Əxilik də 9 dərəcəli bir sistemə dayanır. Hər qapı 3 dərəcəni daxilində çəmləşdirir. Bu dərəcələr aşağıdakı kimi sıralanır:

1 - İgid
2 - Yamak
3 - Çırak
4 - Kalfa
5 - Usta
6 - Nakip
7 - Xəlifə
8 - Şeyx
9 - Şeyx-ül Meşayih – Əxi baba

Əxilərin əxlaqdan kənar saydıqları, əxini əxilikdən çıxartdığına görə təşkilatdan xaric etdikləri əməllər isə aşağıdakılardır:

1. İçki içən
2. Zina işləyən
3. Münafıqlık, dedi-qodu və iftira edən
4. Gürurlanan, təkəbbür edən
5. Mərhəmətsizlik edən
6. Qısqanan
7. Kin bəsləyən
8. Sözündə durmayan
9. Yalan söyləyən
10. Əmanətə xəyanət edən
11. İnsanın ayıbını örtməyən, bu ayıbı üzünə vuran
12. Xəsislik edən
13. Adam öldürən

Əxilik işsizliyə qarşıdır. Hər kəsin bir işi olmasını və çalışmasını istəyir. Ancaq heç kimsəni əməyinin əvəzindən artıq səmər almasına imkan verməz. İşsiz qalanlara iş tapmaq təşkilatın əsas vəzifəsidir.

Əxilik – İslam inancı ilə türk adət ənənələrini özündə birləşdirən düşüncə sistemidir. Bu düşüncədə insan, sistemin əsas qayəsi hesab edilir və hər şey onun dünya və axirət xoşbəxtliyi üçün düzənlənir. Heç bir şeyə əşrəfi məxluqat hesab edilən insandan daha artıq qiymət verilə bilməz. Bu anlayış əxiliyin bütün fəaliyyətlərində hakim olan bir düsturdur.

Əxilik – hər şeydən üstün tutulan insanın, dünyasında və axirətində xoşbəxt ola bilməsi üçün onu bir bütün olaraq ələ almış və “kamil insan” deyə biləcəyimiz ideal bir tip ortaya qoyur.

Məqaləmizi böyük ustad və mürşid Şeyx Əxi Evrənin əxilərə müraciəti ilə tamamlamaq istərdik:
“Ey Əxilər! Mücahidlər igid, aslan ürəkli olur. Düşməndən qorxmaz, qaçmaz və ona boyun əyməz. Yağmada qurd kimi saldırsalar heç sarsılmaz. Atılan oxlara və qılınç zərbələrinə mətanətlə sinə gərər. Savaşarkən safda, namazdakı kimi səssiz olub, başbuğuna itaətdə cəmaatın imama uyması kimidir. Düşməninə qarşı nərəsi göy gürultusu tək olmalıdır. Düşməndən qorxmayın, Allah-Təalanın əmir və qadağalarına əməl etməməkdən qorxun. Vətən sevgisinin imandan olduğunu unutmayın!”.

Vüqar Zifəroğlu
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti