Vaşinqton Ukraynaya maliyyə yardımının yeni üsulunu tapıb

   Vaşinqton    Ukraynaya maliyyə yardımının yeni üsulunu    tapıb
  12 Aprel 2024    Oxunub:1189
Rusiyanın dondurulmuş aktivləri müsadirə olunmadan belə ABŞ onlardan istifadə etməklə Ukraynaya yardım göstərmək niyyətindədir.

AzVision.az “Financial Times” nəşrinin dərc etdiyi məlumata istinadən xəbər verir ki, amerikalı maliyyəçilər Qərbdə dondurulmuş Rusiya aktivlərindən investisiya qoyuluşu çərçivəsində götürüləcək qazancdan Ukraynanı maliyyələşdirmək üçün on milyardlarla dollar dəyərində uzunmüddətli borc öhdəlikləri istiqrazlarının buraxılması təklifini irəli sürüblər.

Avropalı maliyyə analitiklərinin fikrincə, belə istiqrazların emissiyası Belçikadakı “Euroclear” beynəlxalq platformasında dondurulmuş 191 milyard avro həcmində Rusiya aktivlərindən təxmin edilən mənfəətə əsaslanaraq, yaxın onillikdə 30-40 milyard, 15-20 il ərzində isə 50-60 milyard avro həcmində gəlir gətirə bilər.

Pritzker : "Rusiyanın aktivlərinin müsadirəsi risklər yarada bilər"
Hazırda Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin ümumi dəyəri 300 milyard dollardan çoxdur. Onların tamamilə müsadirə edilməsi çağırışlarına baxmayaraq, Qərb indiyədək belə addımlardan çəkinib. Çünki bu, ilk növbədə Qərbin maliyyə institutlarına qlobal səviyyədə inamı sarsıda bilər.

Lakin Ukraynadakı müharibənin maliyyələşdirilməsi zərurəti və onun öz maliyyə imkanlarının azalması Kiyevi maliyyələşdirmək məsələsində Qərbi Rusiya aktivlərindən yararlanmaq üçün yeni yollar axtarmağa məcbur edir.

Maraqlıdır ki, bəzi rusiyalı ekspertlər hətta bu risklər fonunda belə Rusiya Mərkəzi Bankının hələ də ölkənin aktivlərinin Qərbin qiymətli kağızlarına və maliyyə istiqrazlarına qoyulması siyasətini davam etdirməyə çalışmaqda günahlandırırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya  





Xəbər lenti