"Harada görünüb ki, babasili dualarla müalicə etsinlər?!" - Elşad Miri

   "Harada görünüb ki, babasili dualarla müalicə etsinlər?!" -    Elşad Miri
  09 Aprel 2024    Oxunub:1028
“Bəzi dini kitablarda dualarla xəstələliklərin müalicə olunduğu yazılır. Maraqlısı budur ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həmin kitabların çapına icazə verir, qeydiyyata alır və dini təyinatlı ədəbiyyat olması ilə bağlı rəyini bildirir. Harada görünüb ki, babasili dualarla müalicə etsinlər?! Onda səhiyyə, tibb nəyə lazımdır, elə bütün xəstəlikləri ayə və surələrlə sağaldaq da”.
AzVision.az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, bəzi şəxslər dini biznes halına gətirib insanların inanclarından istifadə edirlər.

“Peyğəmbər tibbi deyə bir anlayışı ortalığa atıb şarlatanlıq edirlər. Guya bunların kitabındakı hansısa dua ilə insan şəfa tapa bilər. Hər cür ağılda, hər cür anlayışda insan ola bilər. Bunu qəbul edə bilirəm. Ancaq bəs komitə bu kitabların çapına niyə icazə verir?!

İslamın yeganə mənbəyi Qurani-kərimdir. Orada heç bir zaman belə bir məsələdən bəhs edilməyib. Bu cür kitabları yazıb satanlar inanclı insanların dini heysiyyatı ilə oynayırlar. İstifadə edib özlərinə müəyyən mənfəət əldə edirlər.

Quranın şəfa olması bildirilir. Bu, xəstə qəlblərin şəfalanmasını nəzərdə tutur. Burada hansısa fiziki xəstəliyin müalicəsindən söhbət gedə bilməz”.

İlahiyyatçı kitabına qadağa qoyulmasından da danışıb.

-“İslamda yoxdur” adlı kitab çap etdirmişəm. Həmin kitaba ölkədə qadağa qoyulub. Deyirlər ki, ənənəvi din anlayışına, məzhəblərə ziddir. Çünki orada rəy verənlərin hamısı hansısa məzhəbin nümayəndələridir. Kitab azyaşlıların evləndirilməsinə, mövhumata, cəhalətə qarşı çıxır. Məsələn, orada göstərilir ki, cadu, sehr yoxdur. Cənnətdə kişilərə huri veriləcək anlayışı mövcud deyil. Ancaq bu, dua yazıb insanların orasına-burasına asanların xoşuna gəlmədi”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti