Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov “yeni gün” mənasını verən və baharın gəlişini təcəssüm etdirən bayramın xalqımızın həyatında əsrlər boyu mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bayramın yalnız Azərbaycanda deyil, daha böyük coğrafiyada geniş qeyd edildiyini bildirən səfir 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə 21 mart tarixinin Beynəlxalq Novruz Günü elan edildiyini xatırladıb. Bundan bir qədər əvvəl - 2009-cu ildə isə Novruzun çoxsaylı xalqlar tərəfindən qeyd edilən mədəni ənənə kimi UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi vurğulanıb. Novruzun həmçinin mədəni müxtəlifliyi nümayiş etdirmək, sosial-humanitar əlaqələri gücləndirmək, bütün dünyada sülh və harmoniyanı təşviq etmək üçün vasitə olduğuna diqqət çəkilib.
Sonra çıxış etmiş Türkiyənin səfiri Mustafa İlker Kılıç və Qazaxıstan səfiri xanım Saulekul Sailakızı Novruzun ölkələrində qeyd olunması ilə bağlı ənənələrə toxunub, bu bayramın özünəməxsus cəhətlərindən söz açıb, onun ən önəmli xüsusiyyətlərindən biri kimi xalqlar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini bildiriblər.
Tədbirdə qonaqlara üç ölkənin milli mətbəx nümunələri, Novruz şirniyyatları təqdim edilib, habelə milli musiqi səsləndirilib və ölkələrin turizm potensialını əks etdirən videoçarxlar nümayiş olunub.
AzVision.az