"Bakı-Ağstafa-Bakı istiqamətində bütün biletlər satılıb" - ADY

   "Bakı-Ağstafa-Bakı istiqamətində bütün biletlər satılıb" -    ADY
  19 Mart 2024    Oxunub:673
Sabahdan Azərbaycanda 7 günlük bayram tətili başlayır. Vətəndaşlar bu dövrdə istirahət etmək üçün rayonlara üz tuturlar. Onların çoxu isə mənzil başına rahat və təhlükəsiz çatmaq üçün qatara üstünlük verirlər. Lakin Bakı-Ağstafa istiqamətində qataralara bilet tapmaqda çətinlik çəkirlər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova AzVision.az -a bildirib ki, Bakı-Ağstafa üzrə əlavə 8 reys, Ağstafa-Bakı marşrutu üzrə də əlavə 8 reys təyin olunub.

"Sərnişin tələbatı yüksək olduğundan əlavə reyslər üzrə biletlər tam satılıb. Bu həm də onun göstəricisidir ki, insanlar mənzil başına təhlükəsiz, rahat və vaxtında çatmaq üçün getdikcə sürətli qatarlarla daha çox səfər etməyə üstünlük verirlər.

Qeyd etmək istərdim ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə də 20-26 mart tarixləri arası qatarlar hər gün hərəkətdə olacaqlar, bu istiqamət üzrə əlavə 10 reys təyin olunub. Bu marşrut üzrə biletlər mövcuddur, satış davam edir", deyə S.Nəzərova əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti