Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət əməkdaşlıq edəcək

   Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət əməkdaşlıq edəcək
  18 Mart 2024    Oxunub:654
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərə dair Tədbirlər Planı imzalanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AzVision.az -a verilən məlumata görə, Tədbirlər Planı “Sosial xidmət haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunlara əsasən sosial reabilitasiyayönümlü fəaliyyətin həyata keçirilməsi ilə bağlı görülmüş və görüləcək işləri əhatə edir.

Əməkdaşlıq penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış şəxslərin cəmiyyətə sosial-psixoloji adaptasiyası məqsədi daşıyır.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov bildirib ki, agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi həmin kateqoriyadan olan vətəndaşları müvafiq sosial xidmətlərlə təmin edir. Mərkəzdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov penitensiar müəssisələrdə cəza müddətinin qurtarmasına 3 ay qalmış məhkumlarla görüşün təşkili və onlarla sosial-psixoloji maarifləndirmə işinin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Qeyd olunub ki, birgə əməkdaşlıq həmin kateqoriyadan olan vətəndaşların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq.

Tədbirlər Planı çərçivəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərdən sosial adaptasiyaya ehtiyacı olanlara səyyar və ya yarımstasionar formada sosial-psixoloji yardım xidmətinin göstərilməsi, müəyyən yaşayış yeri olmayan şəxslərin agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi və digər birgə tədbirlərin təşkili nəzərdə tutulub.

Həmçinin Sosial Xidmətlər Agentliyi tərəfindən pilot layihə olaraq cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış və həssas əhali qrupuna aid olan şəxslərə psixoloji yardım xidmətinin göstərilməsi də nəzərdə tutulub.

AzVision.az


Teqlər: ƏƏSM   Penitensiar-xidmət  





Xəbər lenti