ÜST: "Pandemiya sazişində kompromislər tapılmalıdır"

      ÜST:    "Pandemiya sazişində kompromislər tapılmalıdır"
  14 Mart 2024    Oxunub:895
Pandemiya sazişindəki kompromislər növbəti doqquz həftə ərzində 77-ci Ümumdünya Səhiyyə Assambleyasının başlamazdan əvvəl tapılmalıdır.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Qırılmış dünyanın yenidən qurulması” mövzusunda XI Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

"Mən indi hökumətlərin bir hissəsi olan hamınızı insanlıq ruhunda işləməyə və növbəti doqquz həftə ərzində razılaşmanı həll etməyə çağırıram", - o, forum iştirakçılarına müraciət edərək deyib.

Baş direktor epidemiyaların öhdəsindən gəlmək üçün birgə çalışmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, növbəti pandemiyanın yaranması “əgər” yox, “nə vaxt məsələsidir”.

Qeyd edək ki, ÜST-nin 2021-ci ilin dekabrında keçirilmiş xüsusi sessiyasının qərarından sonra pandemiyanın qarşısının alınması üzrə müqavilə üzərində iş aparılır. Bu forumda müvafiq beynəlxalq sənədin hazırlanması və razılaşdırılması üçün Hökumətlərarası Danışıqlar Orqanının yaradılması barədə qərar qəbul edilib. Pandemiyanın qarşısının alınmasına dair saziş layihəsinin Ümumdünya Səhiyyə Assambleyasının mayın 27-dən iyunun 1-dək keçiriləcək 77-ci sessiyasına qədər hazırlanması nəzərdə tutulurdu. Hazırda mətnin əhəmiyyətli bir hissəsi razılaşdırılıb, lakin nümayəndə heyətləri arasında fikir ayrılığı olduğu üçün yekun variant yoxdur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti