Uorlik: “Əliyev və Sarkisyan görüşməlidir”

Uorlik: “Əliyev və Sarkisyan görüşməlidir”
  27 İyun 2014    Oxunub:800
ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan prezidentlərinin yaxın gələcəkdə görüşünün əhəmiyyətini vurğulayıb.

“Danışıqlar prosesində yeni mərhələyə daxil olmağa ehtiyac var. İntensiv danışıqların yeni mərhələsinə başlamaq və əhəmiyyətli irəliləyişə nail olmaq lazımdır” – deyə, Uorlik Amerikanın Səsi Azərbaycan bölməsinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, insanlar 20 il ərzində müharibədən yorulublar və onlar maliyyə resurslarının xərcləndiyini bilirlər.

Uorlik cəbhə xətti və Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş verən gərginliyə görə narahat olduğunu bildirib.
O, əlavə edib ki, həmsədrlər bu gərginliyin azalmasının şahidi olmaq istəyirlər.



Rusiyanın mövqeyi barədə danışan Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfəri zamanı tərəfləri Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul etməyə səsləməsini vurğulayıb.

“Biz bununla razılaşırıq. Prezidentlər dəvət qəbul etməli və məhsuldar danışıqlara başlamalıdırlar. Biz Rusiya tərəfi ilə yaxşı anlaşırıq. Mən Rusiya və Fransadan olan həmsədrlərlə birgə işləyirəm. ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətinə sadiqdir. Lakin biz bacardığımız qədər ikitərfli qaydada da kömək etməyə hazırıq” – deyə, Uorlik bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti