WSJ: “Rusiyanın Ukraynaya sülh təklifinin şərtləri”

  WSJ:  “Rusiyanın Ukraynaya sülh təklifinin şərtləri”
  01 Mart 2024    Oxunub:1105
Rusiya prezidenti Vladimir Putin Moskvanın şərtləri ilə Ukraynada müharibəyə son qoymağı müzakirə etməyə hazır olacağına eyham vurub. Onun istədiyi razılaşmanın konturları 2022-ci ilin aprelində Rusiya və Ukrayna nümayəndə heyətlərinin hazırladıqları sülh müqaviləsi layihəsində öz əksini tapıb.
“The Wall Street Journal” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci il aprelin 15-də təqdim olunan sənəddə, hər iki tərəfdən danışıqları aparan təmsilçilərin Ukraynanı “hərbi bloklarda iştirak etməyən daimi neytral dövlətə” çevirməyə, Qərbin dəstəyi ilə ordusunu yenidən qurmasına və Krımı de-fakto Rusiyanın nəzarəti altında qalmasına razılıq verərək döyüşləri necə bitirmək istədikləri təsvir edilir.

Müqavilə layihəsində Ukraynanın Avropa İttifaqına daxil olma ehtimalına baxmayaraq, onun NATO kimi hərbi ittifaqlara qoşulmasına, habelə xarici silahların Ukrayna ərazisinə buraxılmasına icazə verilməyəcəyi bildirilirdi. Ukraynanın silahlı qüvvələri isə müəyyən həddə qədər ixtisar ediləcəkdi. Rusiya qoşun və tankların sayından tutmuş Ukrayna raketlərinin maksimum atəş məsafəsinə qədər hər şeyi məhdudlaşdırmağa çalışırdı.

Moskvanın təsiri altında qalmalı olan Krım yarımadası neytral sayılmayacaqdı. Moskva həm də hökumətdə və məhkəmələrdə rus dilinin ukrayna dili ilə bərabər əsasda fəaliyyət göstərməsində israrlı idi ki, sənəd layihəsinə görə Kiyev bunu dəstəkləməyib.

2014-cü ildə Rusiya tərəfindən ələ keçirilən Ukraynanın şərqinin gələcəyi layihəyə daxil edilməyib və bu məqamın həlli şəxsi danışıqlar çərçivəsində Putinin və Zelenskinin ixtiyarına buraxılıb.

Ukrayna ilə saziş layihəsi Kiyevə xarici silahlara, o cümlədən “istənilən tipli raket silahlarına, silahlı qüvvələrə və birləşmələrə” qadağa qoyulmasını nəzərdə tuturdu. Moskva Ukrayna Silahlı Qüvvələrini 85 min şəxsi heyət, 342 tank və 519 artilleriya qurğusu çərçivəsində məhdudlaşdırmaq istəyirdi. Ukrayna təmsilçilri isə 250 min əsgər, 800 tank və 1900 artilleriya qurğusunun zəruri olduğunu bildirirdi. Bundan lavə, Rusiya Ukrayna raketlərinin uçuş məsafəsinin 40 kilometrlə məhdudlaşdırılması tələbini qoyurdu.

Əslində, müəyyən məsələlərdə mövqe ixtilafının mövcud olmasına baxmayaraq, 2022-ci ilin aprelində tərəflərin müharibənin dayandırılması ilə bağlı İstanbuldakı razılaşmalar əsasında ən azı çərçivə sənədi imzalamağa çox yaxın olduqları bildirilir. Lakin Vaşinqtonun tapşırığı ilə Kiyevə gələn Böyük Britaniyanın o vaxtkı Baş naziri Boris Conson buna imkan vermədi.

Maraqlıdır ki, Boris Conson bu iddiaları rədd etsə də, İstanbul danışıqlarından sonra Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   sülh  





Xəbər lenti