Budanov: Trampın prezident seçilməsi məni elə də narahat etmir

   Budanov:  Trampın prezident seçilməsi məni elə də narahat etmir
  01 Fevral 2024    Oxunub:1519
Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat idarəsinin (BKİ) rəisi Kirill Budanov “CNN” telekanalının müxbiri Frederik Pleytgenə müsahibəsində Donald Trampın yenidən ABŞ prezidenti ola bilməsindən o qədər də narahat olmadığını bildirib.
AzVision.az xəbər verir ki, müsahibədə Donald Trampı təcrübəli adam kimi qiymətləndirən Budanov, onun dəfələrlə "büdrədikdən" sonra "ayağa qalxdığına" diqqət çəkərək, bunun çox ciddi xüsusiyyət olduğunu vurğulayıb.

Ukrayna Baş Kəşfiyyat idarəsinin rəhbəri Trampın ABŞ-nin dəstəyini kəsmək istəyinə və Konqresdə məhz onun müttəfiqlərinin daha çox yardıma icazə vermək cəhdlərinə qarşı çıxmasına da münasibət bildirib.

“İstənilən halda biz müsbət qərar gözləyirik. Tramp və Respublikaçılar Partiyasının Rusiya Federasiyasının pərəstişkarları olduğunu söyləmək isə tamamilə cəfəngiyyatdır”, - Budanov vurğulayıb.

Son vaxtlar Rusiyada əsas infrastruktur obyektlərinə hücumların artmasına toxunan Budanov deyib ki, indi ruslar müharibənin onlara gəlib çatdığına əmin ola bilərlər.

- Hipotetik olaraq, bütün bunların baş verməsi üzrə bir plan var. Mən hesab edirəm ki, bu plana Rusiya Federasiyasının bütün əsas kritik infrastruktur obyektləri və hərbi infrastruktur obyektləri daxildir” , - Ukrayna BKİ-nin rəisi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Budanov   Tramp  





Xəbər lenti