Cabbar Qaryağdıoğlununun məzarı baxımsız vəziyyətdədir - Foto

   Cabbar Qaryağdıoğlununun məzarı baxımsız vəziyyətdədir -    Foto
  31 Yanvar 2024    Oxunub:2124
Adını Azərbaycan muğam tarixinə qızıl hərflərlə yazdıran xanəndə, görkəmli sənətkar Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir. Bu haqda məlumatı Moderator.az-a tanınmış rejissor Rauf Kazımovskinin oğlu Mirmahmud Kazımovski deyib.
“Cabbar Qaryağdıoğlunun Yasamal ərazisində yerləşən məzarı baxımsız vəziyyətdədir, daşı-daşdan qopub, toz basıb. Sənətkar əvvəl Çəmbərəkənd qəbirstanlığında dəfn olunub, daha sonra xanəndənin məzarı Yasamal rayon qəbirstanlığına köçürülüb. Cabbar Qaryağdıoğlunun məzarının Fəxri Xiyabana köçürülməsi ilə bağlı SSRİ Nazirlər Soveti tərəfindən qərar 1948-ci ildə verilib. Məndə o sənəd var, hələ də saxlayıram. 680 nömrəli sərəncama əsasən Cabbar Qaryağdıoğlu da daxil olmaq şərtilə həyatdan köçmüş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməli idi. Bu siyahıya görkəmli incəsənət xadimləri salınıb. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseynqulu Sarabski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə Bakıda Fəxri Xiyabanda, Molla Vəli Vidadi Qazaxda, Seyid Əzim Şirvani və Sabirin də məzarı Şamaxıda qoyulub. Əfsuslar olsun ki, adlarını çəkdiyim şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri Xiyabana köçürülməyib. Əslində gərək tarixi ədalət bərpa olunsun. Cabbar Qaryağdıoğlu həmin siyahıda 8-ci adamdır. 1957-ci ildə Həsən bəy Zərdabinin ölümünün 50 illiyi olanda onun məzarı Fəxri Xiyabana köçürüldü. Özü də lap xiyabanın girəcəyindədir. Gərək sənətkara sağlığında da, öləndən sonra da qiymət verilsin. Mənim babam, adını daşıdığım Mirmahmud Kazımovski Azərbaycanda teatrın bünövrəsini qoyan şəxslərdən biri olub. 1938-ci ildə, repressiya illərində “əməkdar artist” fəxri adını alıb. Atam Rauf Kazımovski AZTV-nin ilk baş rejissoru olub. Qardaşım Ələkbər Kazımovski “Hicran” televiziya tamaşasını lentə alıb. Bunları unutmaq olmaz” deyə müsahibimiz bildirib.

Mirmahmud Kazımovski deyib ki, sənətkarın məzarının Fəxri Xiyabanda yox, adi qəbirstanlıqda olması vaxtilə böyük sənətkarımız Əlibaba Məmmədovu da narahat edirdi.

“Rəhmətlik Əlibaba Məmmədov mənimlə qonşu idi. Axşamlar görüşüb çay içirdik. Bir dəfə Cabbar əmidən söz düşdü. O mənə dedi ki, bu məzar yiyəsiz qalıb, indiyə kimi onu köçürməyiblər. Cabbar əminin məzarının harada yerləşdiyini onun mahnılarını ifa edən sənətçilər də bilmir. Onun məzarı köhnə qəbirlərin arasında, sıx məsafədə yerləşir. Çətinliklə məzara yetişmək olur. Neçə məşhur xanəndələrə də demişəm ki, sizin əliniz çatır, aidiyyatı qurumlara deyin məzarı köçürsünlər. Onlar mənim bu sözümü qulaqardına vurublar. Efirlərdə “Cabbar əmi” sözü dillərindən düşmür, amma di gəl ki, soruşanda bu kişinin qəbri hardadır, təsəvvürləri belə yoxdur. Məndən başqa heç kim gedib qəbri tapa bilməz. Bir neçə il bundan əvvəl televiziya vasitəsilə çəkiliş də etmişdik, amma nəticəsi olmadı. Nə Yasamal rayon İcra Hakimiyyəti, nə də ki, Mədəniyyət Nazirliyindən müsbət cavab gəldi. Biri deyir ki, Bəstəkarlar İttifaqı baxmalıdır, biri də deyir ki, filan qurum maraqlanmalıdır. Mən baş aça bilmirəm ki, kim bu işdə qabağa düşməlidir?! Məzar daşı da onun adına yaraşmır. Elə bil ki, yola veriblər, başdan ediblər. Ümid edirəm ki, məsələ sizin saytda işıqlandırıldıqdan sonra öz həllini tapacaq” deyə Mirmahmud Kazımovski deyib.

Qeyd edək ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb. Əbəs yerə onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmırlar. Xanəndə həmçinin bir çox mahnıların, həmçinin “İrəvanda xal qalmadı” mahnısının müəllifidir.
AzVision.az


Teqlər:





Xəbər lenti