Heydər Əliyev Mərkəzində Lado Qudiaşvilinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində Lado Qudiaşvilinin sərgisi açılıb
  25 Yanvar 2024    Oxunub:1731
Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin əsərlərindən ibarət sərgi açılıb.
Sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunub. Tədbirdən əvvəl Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının sonunadək yaratdığı əsərlər təqdim olunub. Burada, həmçinin onun qrafika və rəsm əsərləri nümayiş etdirilir.

Rəssamın nəticəsi Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, babasının Azərbaycan xalqı ilə xüsusi münasibətləri olduğunu diqqətə çatdırıb. O, sərginin belə yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edilib ki, boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə bir neçə xüsusi məqamları qonaqların diqqətinə çatdırıb: "Sərgidə nümayiş olunan əsərlər məhz Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir. Biz bu sərginin açılması üzərində uzun müddətdir çalışırıq. Burada fırça ustasının seçilmiş rəsmləri çəkdiyi janrlar üzrə fərqləndirilib. Sərgidə, həmçinin Lado Qudiaşvilinin həyatının bütün dövrlərindən müxtəlif əsərlər toplusu yer almaqdadır".

F.Novruzov sərginin ərsəyə gəlməsinə görə Lado Qudiaşvili Fonduna və Gürcüstanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında hər zaman dostluq, qardaşlıq münasibətlərin olduğunu qeyd edib: “Bizim əlaqələrimiz həm siyasi, həm iqtisadi sahələrdə uğurla inkişaf edir, humanitar, mədəni əlaqələri xüsusi qeyd etmək istərdim".

Səfir bildirib ki, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin iştirakı ilə Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının təməli qoyulub. "Bu yaxınlarda Gəncə şəhərində görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb. Həmçinin Qax rayonunun Əlibəyli kəndinin Gürcü Dövlət Dram Teatrına görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin adı verilib", - deyə Z.Pataradze əlavə edib.

Diplomat sərginin üç ay davam edəcəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb: "Lado Qudiaşvilin əsərlərində məhz gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi öz əksini tapıb". Zurab Pataradze sərginin təşkilində Lado Qudiaşvili Fonduna, Gürcüstanın Dövlət Muzeyinə, Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə edib.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Lado Qudiaşvilinin yaradıcılığından söhbət açaraq deyib ki, Lado çox kiçik yaşlardan rəsm çəkməyə başlayıb, onun sənəti indiyədək hamını heyran edir. Lado Qudiaşvili Fondunun təsisçisi Anna Meliva Azərbaycan dövlətinə və bu sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Bakı Xoreoqrafiya Akademiyasının məzunları qonaqlara gürcü rəqsini təqdim ediblər.

Qeyd edək ki, Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət çəkir. İlk növbədə, Qudiaşvilinin qrafik işlərini qeyd etmək lazımdır. Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün çəkilmiş eskizlər də var. Balet tamaşası baş tutmasa da, eskizlər rəssamın ölməz xatirəsi kimi qorunub saxlanılır. Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə açılıb və bununla da gənc rəssam Gürcüstanın bədii dairələrində geniş tanınmağa başlayıb. Əsərləri ilə dillərdə dastana dönən Qudiaşvili ilk sərgisinin təşkilindən dərhal sonra Tbilisinin mədəni həyatında rol alıb.

Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri olub. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına müraciət edib. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə beş il yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb, Avropanın bir sıra şəhərlərində, həmçinin Nyu-Yorkda keçirilmiş sərgiləri ilə incəsənətsevərlərin rəğbətini qazanıb.

Lado Qudiaşvilinin dünyaşöhrətli incəsənət xadimləri Mark Şaqal, Pablo Pikasso, Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə özünəməxsus iz qoyub. Lado özünü reallığı fərdi yanaşma üsulu ilə təsvir edən bir rəssam, eyni zamanda personajlarının simasında emosiyaların sonsuz çeşidini ustalıqla canlandıran diqqətli bir müşahidəçi və psixoloq kimi təsdiq edir.

Lado Qudiaşvili 1980-ci ildə vəfat edib. O, bədii dünyagörüşü və seçilən üsluba malik rəssam, gürcü modernizminin və Tbilisi avanqard hərəkatının banilərindən biri sayılır. Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisini aprelin 24-dək izləmək mümkün olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti