Con Kirbi: “Yaxın aylar Ukrayna üçün kritik olacaq”

   Con Kirbi:    “Yaxın aylar Ukrayna üçün kritik olacaq”
  23 Yanvar 2024    Oxunub:964
Ağ evin Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi keçirdiyi brifinqdə yaxın ayların Ukrayna üçün kritik əhəmiyyət kəsb edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Vaşinqtonun Kiyevə yardım üçün əlavə vəsait ayırması perspektivlərindən danışan Kirbi növbəti bir neçə ayın Ukrayna üçün kritik olacağını bildirib.

“Əgər qar yağdığı üçün döyüşün dayanacağını düşünürsənsə, bir daha düşünün. Ukrayna hərbçiləri hansı silahlardan istifadə edəcəkləri ilə bağlı “sərt seçimlər” etmək məcburiyyətindədirlər, çünki növbəti tədarükün nə vaxt gələcəyini bilmirlər. Bu isə Ukrayna ordusunun düşdüyü dəhşətli vəziyyətdir” , - Kirbi deyib.

Onun iddiasına görə, Rusiya hərbçiləri ballistik raketlər üçün Şimali Koreyaya üz tutaraq, həmin silahlardan da İran PUA-ları kimi istifadə etmək taktikasını seçiblər.

O, həmçinin ABŞ prezidenti Co Baydenin Böyük Britaniyanın baş naziri Rişi Sunakla apardığı telefon danışıqlarında Ukraynaya yardım mövzusunun gündəmdə saxlandığını söyləyib.

“Onlar həmçinin Ukraynanın döyüş meydanında özünü müdafiə edə bilməsi üçün hazırda onun əlavə maliyyə və dəstək üçün üzləşdiyi təcili ehtiyacdan danışıblar” , - amerikalı məmur vurğulayıb.

Ukrayna ilə bağlı və Ukrayna üçün hansı məqsədlərə çatmaq yönündə Ağ Evin dəqiq strategiyası barədə sualın cavabında Con Kirbi Ağ evin strategiyasının həmişə şəffaf və aydın olduğunu bildirib.

“Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik, firavan, suveren Ukrayna görmək istəyirik, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin hamı, o cümlədən cənab Putin tərəfindən tam tanınmasını istəyirik” , - Kirbi deyib.

Məhz bu məqsədlərə çatmaq üçün Vaşinqton Ukraynaya lazım olan dəstəyi göstərməyi davam etdirmək istəyir.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kirbi   Ukrayna  





Xəbər lenti