Xaçatryan işi böyüyür - Separatçı generalın ailəsi də ittiham olunur

      Xaçatryan işi böyüyür    - Separatçı generalın ailəsi də ittiham olunur
  23 Yanvar 2024    Oxunub:1056
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın işi (Restoranda silahdan istifadə edib -red.) ilə bağlı keçmiş separatçı məmurun da başı ağrıyacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşri məlumat yayıb. Söhbət separatçıların "müdafiə naziri"nin müavini işləmiş Harri Səfəryandan gedir. Restorandakı atışma işi çərçivəsində Səfəryanın oğlu Aksenə qarşı da ittiham irəli sürülüb.

Məşhur erməni general həbs edildi
Xatırladaq ki, bir müddət öncə İrəvandakı “Erikin restoranı"nda 10-a yaxın müştəri arasında yaranmış mübahisə qanlı faciəyə səbəb olmuşdu. Dava əsnasında Tiran Xaçatryan ona mükafat kimi verilmiş silahından atəş açıb. Nəticədə Qarabağdan olan erməni Hrayr Mnatsakanyan ağır yaralanıb.

General, hadisə yerindən qaçaraq hotellərdən birində gizlənib. Əvvəlcə ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, bir neçə gün öncə isə keçmiş ordu məmuru saxlanılaraq 2 aylıq həbs cəzası alıb.

Yerli müxalif media "restoran işi"ni baş nazir Nikol Paşinyanın köhnə komandanı təmsil edən generallara qarşı təmizləmə əməliyyatının bir hissəsi sayır.

Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hərbi-siyasi durum gərginləşib. Məğlub baş nazir Nikol Paşinyan hərbi rəhbərliklə bağlı sərt tədbirlər gördü, xeyli sayda general ya vəzifəsindən azad edildi, ya da müxtəlif səbəblərlə həbsə atıldı. Həmin generallar üç il öncə Nikol Paşinyanın istefasını tələb edərək ona qarşı birləşmişdilər. Onların arasında Tiran Xaçatryan da var idi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs   Atışma   General  





Xəbər lenti