Rusiya səfiri: "Gümrüdəki bazamızın çıxarılmasından söhbət gedə bilməz"

   Rusiya səfiri:    "Gümrüdəki bazamızın çıxarılmasından söhbət gedə bilməz"
  19 Yanvar 2024    Oxunub:1813
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanla bağlı diqqət çəkən açıqlamalar verib.
O, RİA Novosti-yə müsahibəsində deyib ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasının (102-ci-red.) ölkədən çıxarılmasından söhbət gedə bilməz.

"Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfdən verilən rəsmi açıqlamalara orientasiya oluram və xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb", - Səfir Gümrüdəki bazanın bağlanması və Rusiya sərhədçilərinin ölkəyə geri qaytarılması ilə bağlı İrəvandan hər hansı siqnalın olub-olmamasına dair sualı cavablandırarkən vurğulayıb.

"Rusiya 102-ci hərbi bazanı Gümrüdən çıxarır" - Ermənistan mətbuatı
Qeyd edək ki, Ermənistan son bir ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur.
Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarlayıblar.

Rusiyalı ekspertlər isə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırlar.

Bundan başqa, hökumətə yaxın saytlarda Moskva əleyhinə silsilə yazılar dərc edilir, siyasərçilər tez-tez Gümrüdəki bazanın ləğvi məsələsini qaldırırlar. Bu mövzu son zamanlar da aktuallaşıb.

Qeyd edək ki, söhbət 102-ci hərbi bazadan gedir. Bu baza Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

2010-cu il avqustun 20-də hər iki ölkə bazanın qalması haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi obyektin hava komponenti isə İrəvanda yerləşən Erebuni aviabazası sayılır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə uyğun olaraq hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi çəkir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Hərbi-Baza   Səfir   Gümrü  





Xəbər lenti