Çin kosmik stansiyası daha bir yük gəmisini orbitə göndərib

Çin kosmik stansiyası daha bir yük gəmisini orbitə göndərib
  17 Yanvar 2024    Oxunub:1050
Çin özünün “Tienqon” (Tiangong) kosmik stansiyası üçün növbəti yük gəmisi olan “Tiencou-7”ni (Tianzhou-7) orbitə göndərib.
AzVision.az AZƏRTAC -a istinadən xəbər verir ki, kosmik gəmini orbitə “Böyük yürüş-7Y8” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla yanvarın 17-də saat 22:27-də baş tutub. Yük gəmisi stansiyadakı astronavtlar üçün həyati əhəmiyyətli yükləri, habelə stansiyada quraşdırma işləri üçün lazım olan avadanlığı orbitə aparıb. Buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi daşıyıcı raketdən ayrılıb və təyin olunan orbitə daxil olub. Növbəti mərhələdə gəmi kosmik stansiya ilə birləşəcək.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul və iki laboratoriya modulundan ibarətdir. Əsas modul 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub. Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçısı Can Çiao Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı ölkəsinin kosmik stansiyasının 2 dəfə böyüdüləcəyini bildirmişdi. Belə ki, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının 3-dən 6-ya çatdırılaraq, onun texniki imkanlarının çoxaldılması planlaşdırılıb. Stansiyanın böyüdülməsinə böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir. Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq ki, bu da 2030-cu ildən sonra istismardan çıxarılması nəzərdə tutulan Beynəlxalq Kosmik Stansiyanın çəkisinin təxminən 40 faizinə bərabər olacaq.

Hazırda stansiyada 3 astronavt fəaliyyət göstərir. “Şencou-17” kosmik missiyası ötən il oktyabrın 26-da başlayıb və təxminən 6 ay davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti