"Evə gəlirlər, çay içib, onun-bunun qeybətini edirik" - Flora Kərimova (Müsahibə)

   "Evə gəlirlər, çay içib, onun-bunun qeybətini edirik" -    Flora Kərimova (Müsahibə)
  10 Yanvar 2024    Oxunub:1937
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Flora Kərimova ilə bəstəkar Elza Seyidcahan arasında qalmaqal yaşanmışdı. Müğənni bəstəkarın Əməkdar artist Aygün Bəylərin yasına papaqla gəlməsini, ümumiyyətlə geyim tərzini tənqid etmişdi. Və hər iki tanınmış arasında səs-küylü narazılıq yaşanmışdı.
Elza ilə Flora barışdı, restorana gedəcəklər - Video
Bundan dolayı AzVision.az Xalq artistinə geyim seçimləri ilə bağlı bir neçə sual ünvanlayıb.

- Flora xanım, geyimlərinizi kim seçir? Dizayneriniz var?
- Mən keçmişin adamıyam. Nə dizayner, qızım. Əgər mağazadan zövqümə, yaşıma, həyat fəlsəfəmə uyğun geyim tapa bilirəmsə, alıram. Olmayanda tikdirirəm. Geyimlə maraqlanmıram. Təki səliqə olsun. Özəl dərzim var. Mən dərzilərə getməyi sevmirəm, tənbələm, o gəlir. Saç və dırnaq ustam da məni evdə gözəlləşdirirlər. Evdən çıxmağa həvəssiz oluram.

Evə gəlirlər, çayımızı içirik, onun-bunun qeybətini edirik, sonra da prosedura başlayırıq.(gülür) Ancaq mənim üçün çox əzablıdır. İki gün öncədən tənbəlliklə düşünürəm ki, necə olsun, niyə olsun və s. Bir az həvəssizəm.

Tənbəlliyiniz nə ilə bağlıdır? Sizi nə ruhdan salır ki?
- Tənbəlliyimi ona bağlayıram ki, qanımda var. Atam alim idi, Moskvada işləyirdi. Bakıya istirahətə gələndə bütün yorğunluğunu yorğan - döşəkdə atırdı. O, uzanıb yatırdı, mən də bir küncündə özümə yer edirdim. O vərdiş məndə qaldı.

-Adətən sizi qara rəngli geyimlərdə görürük, bu həmin rəngə sevgidən irəli gəlir?
-Qara rəng mənim qismətim idi. Həyatım, faciələrim məni belə rəngdə geyindirirdi. Qara rəngə can atmıram, o biri rəngləri də sevirəm.

Dediniz çox vaxtı evdə olursunuz. Bu, sizi darıxdırmır?
- Həyətə çıxa bilmirəmsə, geniş evimizin otaqlarında gəzirəm. Yaxşı hava olanda isə Yaqutumla birlikdə çölə çıxıram.

- İllər öncə sizə gələndə evinizdə böyük bir it saxlayırdınız, ona qayğı göstərirdiniz və başınızı qatırdı. Ondan sonra yenisini almaq fikriniz yoxdur?
- O it çoxdan dünyasını dəyişdi. Həmin itin bütün əziyyətini Yaqut çəkirdi. Səhər saat 6-da yuxusuna haram qatıb, çölə çıxarırdı. İndi özüm təzə it almıram. Öyrəşirsən, itirəndə çox pis olursan. Elə bil doğma adamını itrirsən. O sənlə birlikdə illərlə yaşayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti