İranda "intiqam bayrağı" dalğalandı

   İranda    "intiqam bayrağı"    dalğalandı
  05 Yanvar 2024    Oxunub:1542
İranın Kirman şəhərində törədilmiş terror aktından sonra Qum şəhərindəki Cəmkəran məscidinin günbəzində intiqam simvolu kimi “qırmızı bayraq” qaldırılıb.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qanadının keçmiş komandiri Qasım Süleymaninin ölümünün ildönümündə məscidin günbəzinə qaldırılmış qara bayraq Kirmandakı terror aktından sonra qırmızı bayraqla əvəzlənib.

Üzərində ağ hərflərlə ərəbcə “Hüseynin intiqamı” yazılan qırmızı bayraq sonuncu dəfə 2020-ci ilin yanvarında ABŞ-nin Bağdad Hava Limanı yaxınlığındakı hücumunda həlak olan Qasım Süleymaninin şərəfinə həmin məscidin günbəzindən asılıb.

Xatırladaq ki, yanvarın 3-də Süleymaninin öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış baş verib. Qadın və uşaqlar da daxil olmaqla, hadisə zamanı 89 nəfər ölüb, 284 nəfər yaralanıb.

İran rəsmiləri partlayışların kamikadze hücumları olduğunu və terror aktını həyata keçirənlərə sərt cavab veriləcəyini bəyan ediblər. Hadisəyə etiraz edən iranlılar da məhz “intiqam” istədiklərini bildiriblər.

Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti