“Əjdaha” ili: 2023-də Çinlə münasibətlərimiz xeyli sıxlaşdı | Şərh

      “Əjdaha” ili:    2023-də Çinlə münasibətlərimiz xeyli sıxlaşdı    | Şərh
  21 Dekabr 2023    Oxunub:5944
Dünyada mərkəzdənqaçma tendensiyalarının müşahidə olunduğu, ölkələr arasında formatların və əlaqələrin məhv edildiyi bir vaxtda Çin ilə Azərbaycan inteqrasiya proseslərini gücləndirir. Bu il münasibətlərdə nəzərəçarpacaq aktivlik müşahidə olundu. İyulda Azərbaycan prezidenti İlham Əliyev “China Media Group” media korporasiyasına müsahibə vermişdi. Bu müsahibə Azərbaycan-Çin əməkdaşlığının yeni mərhələsi üçün başlanğıc nöqtəsi sayıla bilərdi.
İki ölkə arasında qarşılıqlı fəaliyyət diapazonu xeyli genişdir - siyasətdən tutmuş yüksək texnologiyalara qədər. İkitərəfli əməkdaşlığın yol xəritəsində maraqların kəsişməsi əlamətlərini və ümumi maraqların istiqamətini göstərən xətlər var. Avrasiya məkanı və bütövlükdə dünya ilə bağlı ən mühüm məqamlarda ölkələrimizin mövqeləri üst-üstə düşür. Çin və Azərbaycan birmənalı şəkildə beynəlxalq hüququn fundamental prinsiplərinə - ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, ölçüsündən, gücündən və dünyada tutduğu yerdən asılı olmayaraq hər bir dövlətin suverenliyinə hörmətlə yanaşırlar.

Azərbaycan Pekinin elan etdiyi bəşəriyyətin ümumi taleyi konsepsiyasını dərk və qəbul etməyə qadir olan azsaylı ölkələrdən biridir. Bakı və Pekinin fəlsəfi-praktiki yanaşmaları və dünyanın gələcəyinə baxışları arasında çoxlu ümumi cəhətlər var. İki ölkənin liderləri - İlham Əliyev və Si Cinpin arasında da isti münasibətlər yaranıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Çin Xalq Respublikasının sədrilə görüşlərinin “məqsədlərin müəyyən edilməsində mühüm rol oynadığını” qeyd edib. Azərbaycan lideri rəsmi Pekinin siyasətini dünya miqyasında unikal hallardan biri hesab edir.

Çinin Şanxay, Urumçi, Tsindao, Harbin, Tsinnan, Uhan, Kançasie şəhərlərində Azərbaycanın dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir. Bu ilin sentyabrın 3-də açılan yeni Ticarət Evi Pekinin biznes rayonlarından birində yerləşir. Burada çay və şirələrdən tutmuş xalçalara qədər 60-a qədər məhsul satılacaq. Ticarət Evinin açılışında əsas məqsəd təkcə çinliləri Azərbaycanın zəngin mədəni irsi və məhsulları ilə tanış etmək deyil, həm də çinli investorların diqqətini cəlb etməkdir. İki ölkə arasında əlaqələr kifayət qədər genişdir, üstəlik, ticarət dövriyyəsinin davamlı diversifikasiyası və artımı üçün yeni imkanlar mövcuddur.

Azərbaycanla Çinin arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da iqtisadi əlaqələrin inkişafına təkan verib. Ticarət dövriyyəsi artmaqdadır. Nəqliyyat-logistika seqmenti hətta pandemiya dövründə də praktik olaraq zəifləməyib. Ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə (1,78 milyard dollar) 20,7 faiz artaraq 2,15 milyard dollara çatıb. Çin hazırda Azərbaycanın əsas ticarət tərəfdaşları arasında dördüncü yerdədir.

Bu il baş tutan Çin Beynəlxalq Xidmətlər Ticarət Sərgisində (CIFTIS) “Çində investisiya ili: Xidmət sənayesində şəffaflığın daha da artırtılması və təşviqi konfransı” adlı tədbir keçirilib. Konfransda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çin Xalq Respublikasının ticarət naziri Van Ventao çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin Çinin iqtisadi klasterinin nümayəndələri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında enerji, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tranzit, İKT, turizm və s. sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Çinin innovasiya yönümlü investisiya imkanlarına böyük maraq göstərir. Ölkədə əlverişli investisiya mühiti yaradılıb ki, bu da çinli investorların Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirmələri üçün qapılar açır. Çin şirkətləri Ələt Azad İqtisadi Zonasının rezidentlərə verdiyi üstünlüklərdən yararlanmaq imkanı əldə ediblər. Ələt Azad İqtisadi Zonası Çin biznesi üçün xüsusilə cəlbedici ola bilər, çünki “Bir Kəmər, Bir Yol” layihəsində mühüm rol oynayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qərb çıxışında yerləşir.
Yeri gəlmişkən, “Ələt” AİZ də CIFTIS-də təqdim olunmuşdu.

Azərbaycan və Çin arasında iqtisadi tərəfdaşlıq dövlət idarələri, özəl biznes və beynəlxalq arenada əməkdaşlıq vasitəsilə həyata keçirilir. Bu imkanların əsas komponentləri sentyabrın əvvəlində Pekində keçirilmiş və həm dövlət sektoru, həm də özəl biznes nümayəndələrinin iştirak etdiyi Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumunda təqdim edilmişdi.

Azərbaycanda Çin kapitallı 275 şirkət qeydiyyatdan keçib. Çinlilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən infrastruktur layihələrinə maraq göstəriblər. “Huawei” artıq bu sahədə bir sıra layihələrdə iştirak edir. Pekində aparılan müzakirələrin yekunu olaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Çinin Dövlət İnkişaf və İslahatlar Komitəsi arasında istehsal potensialının və investisiya əməkdaşlığının gücləndirilməsinə dair çərçivə sazişi imzalanıb.

Çin tərəfi Azərbaycanın bərpa olunan enerji sektoruna müəyyən maraq göstərir. İyun ayında Bakıda SOCAR prezidenti ilə “China Energy International Group Co. Ltd” şirkətinin baş vitse-prezidenti Syaodan Lin arasında görüş keçirilib. Bu Çin şirkəti dünyanın müxtəlif ölkələrində yaşıl və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərir və Çinin aparıcı beynəlxalq şirkətlərindən biridir.

Pekinə səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri şirkətin nümayəndələri ilə görüşüb və dəniz suyunun duzsuzlaşdırılması, günəş, külək və hidroenergetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. “Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə alternativ və bərpa olunan enerji sahəsində layihələrə sərmayə qoymaq imkanları da müzakirə olunub.

Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün açılan belə geniş imkanlar, şübhəsiz ki, iki ölkənin strateji tərəfdaşlığından və Bakı ilə Pekin arasında yüksək səviyyəli siyasi dialoqdan irəli gəlir. Artıq qeyd etdiyimiz kimi, ölkələrimizin rəhbərləri arasında qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan gözəl münasibətlər var. Dövlət başçılarının münasibətləri ölkələr arasındakı əlaqələrə həmişə təsir edir - müsbət və ya mənfi. Çin və Azərbaycanın timsalında liderlər arasındakı münasibətlər ikitərəfli əməkdaşlığın və inkişafın mühərrikinə çevrilib. Azərbaycan bu əlaqələrə böyük dəyər verir, çünki Çin böyük imkanlara və nüfuza malik dünya dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin də Bakı ilə münasibətlərini yüksək qiymətləndirir, çünki Azərbaycan Orta Dəhlizdə əsas ölkədir, regionunda ən güclü iqtisadiyyatdır, Asiya ilə Avropa arasında əlaqədir. Hər bir ölkənin beynəlxalq və regional treklərdə öz yeri var. Onların qarşılıqlı fayda vəd edən kifayət qədər ümumi maraqları da mövcuddur, bunu qarşılıqlı fəaliyyətin indiki intensivləşməsi sübut etdi.

Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının redaktoru


Teqlər: Çin  





Xəbər lenti