"Ödəniş kartları ilə fırıldaqçılıq halları 2,2 dəfə artıb" - Rəsmi

   "Ödəniş kartları ilə fırıldaqçılıq halları 2,2 dəfə artıb" -    Rəsmi
  11 Dekabr 2023    Oxunub:1317
Banklar tərəfindən təqdim olunan statistik məlumatlara əsasən, cari ilin 9 ayı ərzində ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd edilib ki, 2023-cü ilin 9 ayı ərzində ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə, həcmi isə 2 dəfə artıb. Nağdsız ödənişlərdən istifadənin artması paralel olaraq dələduzların da bu sahəyə olan marağını artırıb.

"Ölkə üzrə fırıldaqçılıq əməliyyatlarının xüsusi çəkisi bençmark ölkələrlə müqayisədə aşağıdır. Cari ildə baş vermiş fırıldaqçılıq əməliyyatlarının say etibarilə 93%-i kart məlumatlarının dələduzlara birbaşa kart sahibinin özü tərəfindən təqdim olunması əsasında baş verib. Bu isə onu göstərir ki, fırıldaqçılıq əməliyyatlarının böyük hissəsi kart sahiblərinin maliyyə savadlılığının aşağı olması və ya təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.

Bu kimi halların qarşısının alınması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Cari ildə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı" hazırlanıb. Fəaliyyət Planına müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanıb və hazırda Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanır. Eyni zamanda, Mərkəzi Bank tərəfindən bütün hədəf qruplarına fokuslanmış fiziki formatda təlimlər və onlayn seminarlar təşkil olunur, Mərkəzi Bankın aidiyyəti bölmə əməkdaşlarının televiziya və radio verilişlərində iştirakı təmin olunur, cəmiyyətdə maraq doğuran suallar üzrə müsahibələr verilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti