«Euronews» Naftalan nefti haqqında reportaj yayımlayıb

«Euronews» Naftalan nefti haqqında reportaj yayımlayıb
  18 İyun 2014    Oxunub:4053
AzVision.az xəbər verir ki, "Euronews" telekanalının Naftalan neftinin müalicəvi xüsusiyyətindən bəhs edən reportajında dünyada bənzəri olmayan neft barədə geniş məlumat verilir.

Naftalanda ilk sanatoriyanın 1929-cu ildə yaradıldığı, neftin müalicəvi xüsusiyyətləri haqqında məlumata isə hələ 13-cü əsrdə Marko Polonun qeydlərinə rast gəlindiyi bildirilir. Naftalan neftinin müalicəvi xüsusiyyətinin aşkarlanması ilə bağlı rəvayətə toxunularaq xəstə olduğu üçün karvandan uzaqlaşdırılan dəvənin məhz bu neftin sayəsində sağalması nəticəsində insanların buranın şəfaverici xüsusiyyətləri barədə xəbərdar olduqları vurğulanır. Süjet müəllifi qeyd edir ki, «qara qızıl»da çimmək insanı sağlamlaşdırır.

Bildirilir ki, Naftalan nefti, tərkibində yandırıcı maddələr olmayan nadir neft növüdür. Qeyri-adi vannalar əsasən xroniki dəri, oynaq xəstəlikləri zamanı təyin olunur.

Həkim Xurşid Namazəliyeva naftalan neftinin xüsusiyyətlərinə diqqət çəkərək onun ağ neft və benzin kimi yüngül fraksiyaların olmadığı, qatranlı, parafinsiz, az kükürdlü tərkibə malik olduğunu diqqətə çatdırır. Onun sözlərinə görə, müalicəvi tərkib qan dövranına daxil olaraq, qan hüceyrələrini və xəstə orqanda qan axınını gücləndirir.

Reportajda neftin müalicəvi xüsusiyyətlərindən necə istifadə edildiyi əyani şəkildə tamaşaçılara təqdim olunur. `Təəccüblü deyil ki, bir vaxtlar bütün Sovet elitası mütəmadi olaraq Naftalanın müalicəvi neftinin şəfaverici xüsusiyyətlərindən faydalanmaq üçün buraya üz tutublar`-deyə süjetdə vurğulanır.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti