Orxan Zeynalovun həbs müddəti uzadıldı

Orxan Zeynalovun həbs müddəti uzadıldı
  18 İyun 2014    Oxunub:841
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddəti uzadılıb.
AzVision.az-ın məlumatına görə, bu gün Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında onun həbs müddətinin 6 ay artırılması haqda qərar verilib.

Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalov əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.


Teqlər:





Xəbər lenti