Daha sonra 27 noyabr – 3 dekabr tarixlərində Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində keçiriləcək çempionatın açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında beynəlxalq nüfuzlu yarışın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, yarışların ən yüksək səviyyədə təşkil edilməsi böyük qürur hissi ilə qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilmiş uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı bildirilib.
Güləş üzrə 36-cı dünya çempionatında rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından olan Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak edəcəyi vurğulanıb.
Dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, İtaliya, İsveçrə, İran, Belarus, Rumınya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, İordaniya və Tanzaniya) müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançının və 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakim qrupunun yer alacağı barədə media nümayəndələrinə məlumat verilib.
Sonda yarışların keçirilməsinə dair bütün texniki məsələlərin nəzərdən keçirildiyi və hazırlıq işlərinin sürətlə davam etdirildiyi bildirilib, çempionatda mübarizə aparacaq idmançılara müvəffəqiyyətlər arzulanıb.
AzVision.az