“Qarabağda içkini atan Romao: “Bu klubu pula dəyişmərəm”

   “Qarabağda içkini atan Romao:    “Bu klubu pula dəyişmərəm”
  01 Noyabr 2023    Oxunub:1057
“Qarabağ”ın əsas fiqurlarından olan Julio Romao ilə danışmaq, əsasən futboldankənar mövzularda marağımda olan suallara cavab tapmaq üçün uyğun vaxt axtarırdım.
Və həmin zaman kəsiyi “Bayer Leverkuzen” – “Qarabağ” matçı üçün bizi Bakıdan Kölnə aparan təyyarədə baş tutdu.

Braziliyalı yarımmüdafiəçi suallara əvvəldən razılaşdırdığımız kimi səmimi cavab verməyə çalışdı.

Romao ingilis dilində səlis danışa bilmədiyindən, yarım saatlıq müsahibəni portuqalcadan Azərbaycan dilinə çevirən klubun tərcüməçisi Elvar Quliyevə xüsusi minnətdarlığımı bildirirəm.

- Səni “Qarabağ”dan nə ayıra bilər? Asiyalıların milyonları, yoxsa Avropanın tanınmış klubunun təklifi?

- Karyeramın bu vaxtında pulu ön planda tutmaq fikrim yoxdur. Açığı, əsas məqsədim adlı-sanlı liqalarda oynamaqdır. Almaniya, İtaliya, İspaniya, İngiltərə çempionatlarında top qovmaq arzumdur. Əsas karyeradır, pul mənim üçün ikinci plandadır. Ona görə də “Qarabağ”ı pula dəyişmək fikrim yoxdur.

- Oyun üslubuna görə hansı ölkənin çempionatını özünə uyğun görürsən?

- Premyer Liqada oynamaq mənim üçün daha cəlbedici görünür. Amma oyun üslubuma görə, məncə, Almaniya və İtaliya liqaları daha uyğundur. Çünki bu çempionatlarda güc futboluna üstünlük verilir.

- Agentin mümkün təkliflərlə bağlı tez-tez zəng edir?

- Bəxtim gətirib ki, agentim bu cür şeylərlə məni yormur, beynimi doldurmur. O, hər söhbətimizdə daha çox karyeramı düşünməyi, “Qarabağ”dakı durumuma önəm verməyi tövsiyə edir. Bəlkə də nələrsə olub və ya var, mənim heç nədən xəbərim yoxdur. “Qarabağ”la müqaviləmin başa çatmasına hələ çox var.

- Nə qədər?

- Anlaşmam 2026-cı ilin yayına qədərdir.

- Bu sualın cavabı tək məni yox, azarkeşləri də maraqlandırır. Az qala hər oyunda cərimə meydançasının həndəvərində təhlükəli driblinqlər edir, bəzən komandan üçün çətin anlar yaşadırsan. Bu məqam səni narahat etmir? Qurban Qurbanov bununla bağlı sənə irad bildirir?

- Mən həmişə topla rəftarı sevmişəm. Tək “Qarabağ”da deyil, əvvəlki komandamda da oyun üslubum bu cür idi. Ancaq Qurban Qurbanov bununla bağlı mənə irad bildirməyib. Əksinə, hər zaman yanımda olduğunu deyir, mənə inam verir. Baş məşqçidən bu cür dəstək görəndə inamım daha da artır. Başa düşürəm, driblinqlər bəzən təhlükəli olur. Ancaq oynadığım mövqe bəzən bunu məndən tələb edir. Özümdə böyük əminlik hiss edəndə topla hərəkət edirəm. Əks halda ötürmə verirəm.

- Dahi futbol mütəxəssislərindən birinin maraqlı deyimi var. Deyir, komandada bir braziliyalının olması yaxşıdır, ikisinin olması da pis deyil, sayları üçdən çoxdursa, vay halına. “Qarabağ”da dörd braziliyalının olduğunu nəzərə alsaq, vəziyyət necədir?

- Yəqin bunu əksər braziliyalıların əyləncə həvəskarı olduğuna görə deyib. Beə deyim, adımız pis çıxıb (gülür). Şükürlər olsun ki, “Qarabağ”da bu baxımdan problem yoxdur. Hamımız ailəliyik, hansısa tədbirdə yığışırıq, deyib-gülüb, əylənirik. Təbii ki, həddimizi aşmamaq şərti ilə. Hansı komandanı təmsil etdiyimizi və üzərimizdə hansı məsuliyyətin olduğunu dərk edirik.

- Məclislərdə yığışanda daha çox hansı növ spirtli içkiyə üstünlük verirsən?

- “Qarabağ”a gələnə qədər bəzən qırmızı şərab içirdim. O da tək-tük hallarda, hansısa məclisdə. Bura gələndən sonra spirtli içki içmirəm. Yaxınlarda 1 il olacaq. Bundan sonra da içməməyi düşünürəm.

- Bu qərarı qəbul etməyində “Qarabağ”dakı ab-havanın rolu var?

- Yox-yox. Onsuz da Azərbaycana gələnə qədər də həvəskarı deyildim. Sadəcə, bir müddət içməməyi qərara aldım və gördüm ki, bu, mənə xeyir verir.

- “Qarabağ”da fiziki göstəricilərinə görə seçilən birinci futbolçu Kevin Medinadırsa, ikinci sırada sənsən. Maraqlıdır, qol güləşdirsəniz, kim qalib olar?

- (üzünü arxa sırada əyləşən Kevinə tutub danışır) Bu qara yekəpər çox güclüdür. Amma mən də özümü zəif saymıram. Demirəm qalib gələrəm, amma sona qədər dirəşərəm.(sportinfo.az)
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti