7 erməni hərbçisi öldürülüb

7 erməni hərbçisi öldürülüb
  14 Fevral 2013    Oxunub:1988
Son bir həftə ərzində cəbhə xəttində diversiya törətməyə cəhd göstərən Ermənistan Ordusunun 7 hərbçisi öldürülüb, 4 hərbçisi isə yaralanıb.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, fevralın əvvəlindən Ermənistan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində aktivliyi qeydə alınıb. Ermənistan Ordusunun bölmələri tərəfindən dövlət sərhədində – Tovuz və Qazax rayonları istiqamətində Azərbaycan kəndlərinin və mülki sakinlərin atəşə tutulmasına cavab olaraq, görülmüş effektiv tədbirlər nəticəsində qeyd olunan istiqamətdə rəqib neytrallaşdırılıb.
Ötən həftə ərzində Ermənistan Ordusunun diversiya qrupları tərəfindən 2 dəfə Qazax-Tovuz istiqamətində, 2 dəfə isə Qarabağ cəbhəsində - Ağdam-Xocavənd istiqamətində Azərbaycan Ordusunun mövqelərinə sızma cəhdi önlənib.
Nəticədə qarşı tərəfin 7 hərbçisi (1 ölü Qarabağ cəbhəsində – Tərtər istiqamətində olmaqla) öldürülüb, 4 hərbçisi isə yaralanıb. Düşmənin aktivliyinin qarşısını almaq məqsədilə cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin snayperlərinin sayı artırılıb.
“Öldürülən 7 hərbçinin hamısı müqavilə əsasında xidmət edənlərdir. Onların necə, hansı şəraitdə öldürülməsi bütün detalları ilə qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq, ön mövqedəki hərbçilərimizə düşməni görülən anda məhv etmək tapşırığı verilib», - deyə mənbə bildirib.
Ermənistan Ordusunun aktivliyinin daha çox müşahidə olunduğu bölgə şimalda Qazax-Tovuz, Qarabağ istiqamətində Ağdam-Tərtər-Xocavənd rayonlarıdır. Şimal istiqamətində ötən həftə bir neçə dəfə qarşı tərəfin qazıntı apararaq mövqeləri irəli çəkmə cəhdinin qarşısı alınıb.
Mənbə onu da qeyd edib ki, son günlər Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qazax və Tovuz istiqamətində istehkam işlərinə, ön xətdəki qazıntılara ətraf kəndlərdən mülki texnikalar cəlb olunur. Azərbaycan tərəfi də öz növbəsində bununla bağlı ATƏT-in nümayəndəsini məlumatlandırıb. Əks təqdirdə cəbhə xəttinə hərbi məqsədlər üçün cəlb olunan texnikaların da məhv ediləcəyi barədə qarşı tərəfə xəbərdarlıq edilib.
“Ermənistan Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq bu ay ərzində cəbhədə bir hərbçinin ölümü və bir hərbçinin yaralanması barədə xəbər verildi. Biz öz kanallarımız vasitəsi ilə itkilər barədə məlumatı anında alırıq. Ermənistan Müdafiə Nazirliyi buna rəsmən qadağa qoyub. Döyüş itkiləri avtoqəza və digər adlarla gizlədilir», - deyə mənbə vurğulayıb.
«Ermənistan Müdafiə Nazirliyi fevralın 11-i saat 10:30-da Tovuz-Berd sərhədində baş verən faktı da yəqin ki, gizlətməyə çalışacaq. Həmin tarixdə Ermənistan Ordusunun bölgədəki hərbi hissəsinin komandiri və müavinlərinin maşınlarının 1300 metr məsafədən necə vurulub sıradan çıxarıldığını xatırlatmaq istərdik. Hansı ki, həmin yüksək rütbəli zabitlər mülki insanların gözü önündə maşından papaqlarını götürərək qaçdı. Maşının aşması, yaxınlıqdakı 2 nəfərin xəsarət alması, bütün bu prosesləri əks etdirən görüntülərin internetdə yayılacağını düşünmək olar», - deyə mənbə əlavə edib.
Məlumata görə, Azərbaycan tərəfi cəbhədə təxribatlar zamanı öldürülmüş, lakin Ermənistan Ordusunun rəhbərliyi tərəfindən mediadan gizlədilən hərbçilərinin adını, onların harada, nə zaman öldürülməsi, hansı hərbi hissənin əsgəri olması barədə məlumatları açıqlamağa hazırlaşır. Fevralın sonlarında belə bir hesabatın açıqlanması gözlənilir.



Teqlər:





Xəbər lenti