Rəisi: "Zəngəzur dəhlizi NATO-nun bölgədəki mövcudluğunun əsasını təşkil edir"
“13-cü hökumətin başçısı (İbrahim Rəisi-red.) Ermənistanın milli təhlükəsizlik müşaviri və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi ilə görüşdə vurğulayıb ki, Zəngəzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün platformadır və bölgədəki ölkələrin milli təhlükəsizliyinə təhdid kimi İranın qarşı çıxdığı layihədir”, - Cəmşidi deyib.
Üç gün əvvəl Tehrana səfər edən Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Xarici İşlər naziri, prezidenti, Milli Təhlükəsizlik Şurasının katibi və Silahlı qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb.
Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov da çərşənbə axşamı Tehranda İbrahim Rəisi, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.
İran mediasının verdiyi xəbərlərə görə, İbrahim Rəisi Xələf Xələfovla görüşündə region ölkələrinin bölgədəki problemləri həll etmək gücündə olduğunu və hər hansı bəhanə ilə xarici ölkələrin bura ayaq açmasının heç bir region dövlətinin marağı ilə uzlaşmadığını vurğulayıb.