160 nömrəli məktəb ətrafında səs-küy və bullinq – Faina Ələkbərovanı niyə “aradan götürməyə” çalışırlar?

 160 nömrəli məktəb ətrafında səs-küy və bullinq –  Faina Ələkbərovanı niyə “aradan götürməyə” çalışırlar?
  30 Avqust 2023    Oxunub:2934
Bu günlərdə yerli mətbuat orqanlarından birində çıxmış xəbər dərhal digər mətbuat orqanlarında, sosial şəbəkələrdə yayılmağa, smayliklər və şərhlər toplamağa başladı. Bu xəbərdə haqqında söhbət açılan şəxs nəinki Bakıda, bütün respublikada çox məşhurdur. Təəssüf ki, başqalarından seçilən, fərqlənən insanlar ətrafında qərəzli proseslərin baş verməsinə, səs-küy salınmasına artıq adət etmişik. Paxıl və bədxah insanlar onların zirehində boşluq tapmaq üçün səylərini əsirgəmirlər.
Bu zireh illərin təcrübəsindən, bu şəxslərin dövlət qarşısında xidmətlərindən, qazandıqları hörmətdən və peşəkarlıqlarından formalaşır. Belə bir zirehdə boşluq tapmaq heç də asan deyil, ancaq təəssüf ki, mümkündür.

Haqqında bəhs edilən şəxs 160 nömrəli Klassik gimnaziyanın direktoru, ölkənin ən qocaman və məşhur müəllimlərindən biri olan Faina Ələkbərovadır. Yerli informasiya agentliyində Faina Ələkbərovanın işdən azad olunması barədə xəbər yayılıb. Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri əsasında yaşı ilə əlaqədar 90-dan çox direktorla əmək müqaviləsi uzadılmayıb və onların arasında Faina Ələkbərova da var. Lakin nədənsə informasiya agentliyi məhz onun məsələsini qabartmağı lazım bilib. Görünür, bu, Faina xanımın tanınmış və hörmətli bir şəxs olması ilə əlaqədardır. Axı onun adı ətrafında sensasiya yaratmaq daha asandır. Çox az adamın tanıdığı bir direktorun yaşı ilə əlaqədar təqaüdə göndərilməsi haqqında xəbər kimə maraqlıdır ki? Təbii ki, heç kimin. 160 nömrəli Klassik gimnaziyanın hamının yaxşı tanıdığı direktorunun adı isə tamam başqa məsələdir.

Yaranmış xoşagəlməz vəziyyətlə bağlı çoxlu suallar meydana gəlir. İlk növbədə, mətbuatda baş verən bullinq nə ilə bağlıdır? Maraqlıdır ki, “sensasiya” müəllifləri daha sonra xəbəri öz saytlarından siliblər. Ancaq bu xəbər artıq digər mətbuat orqanlarında və sosial şəbəkələrdə geniş yayılmağa imkan tapıb və bu hazırda həmin resurslarda qalmaqda davam edir. Çox qəribədir, elə deyil? Bunun sadəcə jurnalist qeyri-peşəkarlığının və ya agentliyin sensasiyalı xəbər ardınca qaçmasının nəticəsi olması heç də inandırıcı deyil. Elə bir təsəvvür yaranır ki, sanki gimnaziya direktorunun adının hallanması sifariş olunub. Görünür, kimsə məsələnin işdən azad olunma şəklində qoyulmasında maraqlıdır. Müxbirlərin işi gələcəkdən xəbər vermək deyil, faktları təqdim etməkdir.

Buna görə də, mətbuatdakı bullinq heç də təsadüfi görünmür. Belə təəssürat yaranır ki, sanki kimsə Ələkbərovadan qurtulmağa çalışır və bunun üçün çox tələsir. Faina xanımın Azərbaycan təhsili qarşısında xidmətlərini, yaşını və nüfuzunu nəzərə alsaq, qaldırılan səs-küy xüsusilə xoşagəlməz görünür. Hər şey bir yana, bu, həm də ədəbsizlikdir. Biz ədəb-ərkan qaydalarına əməl ediliyi və böyüklərə hörmətlə yanaşıldığı Azərbaycanda yaşayırıq. Hələ biz müəllim peşəsinə hörmətdən danışmırıq. Gimnaziyanın direktoru Faina Ələkbərova şou-biznes ulduzu deyil, pedaqoqdur. Özü də söhbət adi pedaqoqdan deyil, böyük pedaqoqdan gedir! Onun adını mətbuatda şou xarakterli xəbərlərdə hallandırmaq, yumşaq desək, alçaqlıq və tərbiyəsizlikdir.

Faina Ələkbərova ömrünün 58 ilini bu məktəbə həsr edib. O, bura direktor kimi gəlməyib. Faina xanım əmək fəaliyyətinə 1965-ci ildə 160 №-li orta məktəbdə baş pioner dəstə rəhbəri kimi başlayıb. 1990-cı ilin mart ayından etibarən isə həmin məktəbin direktoru vəzifəsində çalışır. O, 33 il ərzində bu təhsil ocağını yüksəldib, onu ölkənin ən qabaqcıl və nüfuzlu təhsil müəssisələrindən birinə çevirib. Valideynlərin öz övladlarını bu məktəbin şagirdi kimi görmək istəməsi təkcə onun nüfuzlu olması ilə bağlı deyil. Məsələ burasındadır ki, 160 nömrəli gimnaziyada tədrisin səviyyəsi çox yüksəkdir, burada işinin peşəkarı olan ən yaxşı müəllimlər çalışır.

Direktor Ələkbərova qeyri-peşəkar, mənfi reputasiyalı və ya uşaqlarla davranmağı bacarmayan müəllimlərin onun məktəbinin nüfuzuna xələl gətirməsinə imkan vermir. Bu siyasət illərdir öz nəticəsini verir.

Elə ən son nümunəni götürək. 2023-cü ilin may ayında Təhsil Nazirliyinin komissiyası 100-dən çox məktəbdə yoxlamalar aparıb. Yoxlamaların nəticəsinə əsasən, yalnız 160 nömrəli Klassik gimnaziya “qənaətbəxş”, digər bütün təhsil müəssisələri isə “qeyri-qənaətbəxş” nəticə göstərib. Bu, direktorun işinin göstəricisi deyil, bəs nədir? Bəli, əlbəttə ki, məktəbin tarixi, adı, yaxşı müəllim və şagird kontingenti var. Bəs bütün bunların direktorun əməyinin, düzgün kadr siyasətinin nəticəsi olduğunu gözardı etmək olarmı? Bu, həm də onun peşəsinə, məsuliyyətli vəzifəsinə münasibətinin göstəricisidir. Məktəb uşaq üçün başlanğıcdır, onun həyatının ilk mərhələsidir. Uşağın gələcəyinin necə olacağı bu başlanğıcdan asılıdır. Faina Ələkbərova bunu yaxşı anlayır.

Faina xanım üçün məktəb onun evidir, ailəsidir, o, həyatının çox hissəsini bu məktəbə həsr edib. İndi isə onu haqsız yerə bu ailədən məhrum etməyə çalışırlar. Üstəlik, demək olar ki, ömrünün 60 ilini həsr etdiyi məktəbin 80 illik yubileyi ilində! Bəs bu tələskənlik nəyə lazımdır? Məsələn, onun xidmətlərinə hörmət əlaməti olaraq müqaviləni daha 1 il müddətinə uzatmaq olardı. 160 saylı məktəbi bu səviyyəyə məhz Ələkbərova çatdırıb. Deyə bilərsiniz ki, bəs yaş necə olsun? İnsan sağlam, aktiv və iş qabiliyyətlidirsə, yaşın nə əhəmiyyəti var? Əgər o, hələ də insanlara, ölkəyə fayda vermək iqtidarındadırsa, niyə onun üçün belə bir fürsət yaradılmasın?

Bu suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, həmçinin Elm və Təhsil Nazirliyinin rəhbərl şəxslərinə ünvanlanıb. Bəli, gənclər bizim üçün əzizdir. Amma məktəb xüsusi institutdur. Bu işdə təcrübə və bilik tələb olunur. Uşaq psixologiyası və təhsil prosesinin incəlikləri haqqında biliklər də öz yerində. Bu bilikləri əldə etmək üçün illər tələb olunur. Bu gün Faina Ələkbərova istənilən gənc direktora dərs keçə bilər. Onun sağlamlığı da öz yerindədir (göz dəyməsin), buna görə də Faina xanım bu təcrübə və bilikdən istifadə edərək hələ uzun müddət məktəbə rəhbərlik edə bilər. Hansısa gənc karyera həvəskarının yolunu açmaq üçün belə bir mütəxəssisdən imtina etmək tamamilə məntiqsizdir. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsində də, Təhsil Nazirliyində də çox yaxşı bilirlər. Nə Misir Mərdanovun, nə Mikayıl Cabbarovun, nə də Ceyhun Bayramov təhsil naziri olduğu vaxtlarda heç kim Ələkbərovanın yaşına, onun gənclərə yol açmalı olduğuna eyham vurmayıb. Həmişə əsas meyar kimi direktorun yaşı deyil, məktəbin əla göstəriciləri, Faina xanımın iş qabiliyyəti, valideynlərin rəyi götürülüb.

Gəlin səmimi olaq. Elmlər Akademiyasının Rəyasət Heyəti aparatına, AMEA institutlarına baxanda nə görürük? Rəhbər vəzifələrdə çalışan şəxslər arasında yaşlıların sayı az deyil. Ölkənin qanunverici orqanı olan Milli Məclisdən isə danışmağa belə dəyməz. Milli Məclisdə təqaüd yaşı çoxdan keçmiş deputatların sayı kifayət qədərdir. Onlar burada yer tuturlar, bir çoxları isə xəstəliyə, səhhətinə görə parlamentin iclaslarına ümumiyyətlə gəlmirlər. Allah onlara uzun ömür versin. Sadəcə olaraq aydın deyil ki, niyə yaş məhdudiyyəti məhz təhsil sahəsində nəzərə alınmalıdır? Bəli, elə direktorlar var ki, yaşlarına görə artıq rəhbərlik etmək və təhsil müəssisəsinə xeyir vermək iqtidarında deyillər, lakin müxtəlif yollarla tutduqları vəzifəni saxlamağa çalışırlar. Bu başqa məsələ. Bu cür hallarda təbii ki, analoji tədbirlərin görülməsi həm məktəbin, həm də şagirdlərin maraqlarına uyğundur. Amma əgər şəxs güclü, enerjili və ideyalarla doludursa, ona bu ideyaları həyata keçirmək imkanı vermək lazımdır. Bundan əlavə, məktəb direktoru vəzifəsi dövlət qulluqçusu DEYİL, ona görə də yaş məhdudiyyəti ona şamil edilməməlidir.

Təəssüf ki, ölkəmizdə çox vaxt təqaüdə çıxmış təcrübəli müəllimlər unudulur. Başqa ölkələrdə olduğu kimi onların təcrübəsi və biliyi heç kəsi maraqlandırmır. Halbuki, müəllimin təcrübəsi, müdrikliyi, biliyi yaş ötdükcə itmir, onun ömrünün sonuna kimi qalır. Bunlardan istifadə etməmək sadəcə cinayətdir. Maraqlıdır ki, Təhsil Nazirliyinin məsul şəxsləri bunu anlamasalar da, valideynlər bunu yaxşı başa düşürlər. Təsadüfi deyil ki, onlar öz təşəbbüsləri ilə Faina xanımın əmək müqaviləsinin uzadılması xahişi ilə aidiyyəti qurumlara müraciət ediblər. Bu xahişin nəzərə alınıb-alınmayacağını zaman göstərəcək. Amma bu faktın özü çox şeydən xəbər verir.

Faina Ələkbərovanın təhsil sahəsində xidmətləri heç kimə sirr deyil. Dövlətimiz onun xidmətlərini dəfələrlə müxtəlif fəxri ad və mükafatlarla qeyd edib. Onun xidmətləri beynəlxalq səviyyədə də tanınır. Bizə isə bunları sadəcə sadalamaq qalır:

1) 3-cü dərəcəli “Əmək” ordeni (2021-ci il);
2) Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı (2005-ci il);
3) “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişan (2004-cü il);
4) “Azərbaycanın təhsil əlaçısı” döş nişanı (1978-ci il);
5) MDB-nin Parlamentarası Assambleyasının " Mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə görə " nişanı (2019-cu il);
6) Azərbaycan Respublikasının, həmçinin “Rossotrudniçestvo”nun çoxsaylı çoxsaylı sertifikatları ilə təltif edilmişdir.

Paytaxt məktəblərinin direktorlarından kimsə oxşar nailiyyətlərlə öyünə bilərsə, irəli buyursun. Amma çətin ki, belə birisi tapıla...

Seymur Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti