Ev sahibliyimiz gözəl idi, oyunumuz yox...

// Pərvanə İsmayılova Bakıda Keçirilən Dünya Kubokundan çıxarılmalı olan dərsləri şərh edir

   Ev sahibliyimiz gözəl idi, oyunumuz yox...
  29 Avqust 2023    Oxunub:3223
Şahmat üzrə 10-cu Dünya kuboku bu il Bakıda keçirildi. İyulun 30-da başlayan yarışda ölkəmizi 18 şahmatçı təmsil edirdi. Əvvəllər belə yüksək səviyyəli beynəlxalq yarışlarda Rusiya, Çin və Hindistan şahmatçılarının sayca daha çox olduğunu müşahidə etsək də, bu dəfə ev sahibi kimi daha şanslı idik.
Şahmat dünyasında böyükdən kiçiyə hər kəsin yaxşı tanıdığı dünya çempionu Maqnus Karlsenin Bakıya gəlişi bütün şahmat həvəskarlarında böyük marağa səbəb oldu. İlk turda 156 şahmatçı ilə turnirə başlayan kişilər qrupu 2-ci turda FİDE-nin yüksək reytinqli daha 50 nəfər oyunçusunun qoşulması ilə 206 nəfərlə davam etdi.
İlk turda 78 nəfər xanım şahmatçı ilə başlayan qadınlar qrupu isə 2-ci turda FİDE-nin yüksək reytinqli daha 25 oyunçusunun qoşulmasından sonra ümumilikdə 103 idmançının iştirakı ilə davam etdi.

Maqnus Karlsen, Fabiano Karuana, Yan Nepomnyaşiy, Aniş Giri, Parham Maqsudlu, İvançuk, Duda, Nakamura Hikaru, Wesley So, Laqres, Aleksandr Qrişuk, Salem, Nodirbek Abdusattarov, Praqqnanandhaa kimi məşhurları, eləcə də bir çox şöhrətli qadın qrossmeysterləri dövlətimizin xüsusi diqqət və dəstəyilə Azərbaycanda bir araya gələrək, böyük uğura imza atdıq.

Yarış zamanı bütün oyunların zaldan canlı, həm də onlayn formada tamaşaçıya şərhlərlə çatdırılması gənc şahmatçılar üçün böyük təcrübə qazanmaq şansı idi.

Avqust ayının 24-də yekunlaşan Dünya Kuboku, əfsuslar olsun ki, bizim şahmatçılar üçün bəzi uğursuz nəticələrlə yadda qaldı. Ay ərzində bir çox şanslardan istifadə etsək də, yarışla bağlı gözləntilərimiz tam doğrulmadı. Ciddi nəticə gözlədiyimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə və milli yığmamızın digər üzvləri bizi məyus etdilər.

Teymur Rəcəbov 2019-cu ildə Xantı-Mansiyskdə (Rusiya) keçirilən "FİDE Dünya Kuboku"nda səkkizdəbir finalda Şəhriyar Məmmədyarovu, dörddəbir finalda Ceferi Xionqu (ABŞ- 2707 ELO), yarımfinalda Maksim Vaşer-Laqravı (FRA- 2774 ELO) və finalda Dinq Lireni (Çin- 2811 ELO) məğlub edərək, Dünya Kubokunu qazanmış, bununla da 2020-ci ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə əldə etmişdi. Bu dəfə isə yüksək təcrübə və imkan sahibləri olan milli yığmamızın üzvlərinin yarışa yetərincə hazır olmadıqlarını gördük. Azərbaycan Şahmat Federasiyasının milli yığmamıza daim göstərdiyi diqqət və qayğıdan, eləcə də Dünya Kubokunun millimizin ayağına gətirilməsindən yararlana bilmədik. Zənnimcə, bu uğursuzluq üçün Azərbaycan Şahmat Federasiyasını günahlandırmaq haqsızlıq olardı.

Üzümüzü güldürən tək şahmatçımız 28 yaşlı gənc qrossmeyster Nicat Abbasov oldu. Ölkəmizi layiqincə təmsil edərək, yarışı 4-cü pillədə yekunlaşdırdı. Dünya kuboku tarixində 8 mərhələ irəliləyən ilk şahmatçı kimi tarixə düşən Nicat öz karyerasında yeni bir səhifə açdı. Son görüşlərdə rəqiblərinin daha təcrübəli olması və şahmatçımızın debütlərdə zəif oyun nümayiş etməsi Nicatı ilk 3 pillədən kənarda qoydu.

Fanatı olduğum Maqnus Karlsenin kuboku qazanması bir çoxları kimi, məni də təəccübləndirmədi.

Ümumilikdə, Bakıda təşkil edilən FİDE Dünya Kuboku uğurlu təbliğatla yanaşı, ölkəmizdə şahmatın səviyyəsinin artırılması istiqamətində müsbət addım oldu. Amma uğurlu nəticələr əldə etmək üçün görəcəyimiz işlər hələ çoxdur. Yaşlanmış titullu şahmatçılarımızın müsbət ənənələrini yeni gənc nəslin istedadlı nümayəndələri tərəfindən davam etdirməsi barədə təcili qərarlar qəbul etməli və ciddi addımlar atmalıyıq. Ölkəmizdə bir çox istedadlı gənclər var ki, onlara diqqət artırılmalıdır. Yaşlı nəslin şahmatçıları gələcək çempionların yetişdirilməsi üçün təcrübələrini gənclərlə paylaşmaqda tərəddüd etməli deyillər.

FİDE Dünya Kuboku kimi möhtəşəm bir tədbirin ölkəmizdə təşkili üçün zəhməti olan hər kəsə, xüsusilə də Gənclər və İdman naziri cənab Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının prezidenti cənab Mahir Məmmədova dərin təşəkkürümü bildirirəm. Yeri gəlmişkən, ötən il Şuşa şəhərində təşkil edilən "Shusha Chess Open" turnirinin bu il də baş tutacağı gözlənilir. Ümid edirəm ki, bu il də Şuşa turnirinin qalibi adını Azərbaycan idmançısı qazanacaq. İndidən bütün iştirakçılara uğurlar arzu edirəm. Qalib Azərbaycanın şahmat aləmində də daim zirvələrdə yer alması üçün hər birimiz əlimizdən gələni etməliyik.

Pərvanə İsmayılova
Qızlar arasında Dünya və Avropa çempionu, FİDE ustası
Qax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru

AzVision.az üçün


Teqlər: Şahmat  





Xəbər lenti