Polşa müharibəyə girəcəkmi? - Latviyadan baxış

   Polşa müharibəyə girəcəkmi? -    Latviyadan baxış
  23 Avqust 2023    Oxunub:3915
“Bu gün Polşa Avropanın ən güclü ordularından birinə malikdir. Həmin ordu çox yaxşı təchiz olunub, silahlanıb, təlim keçib və əməliyyat məkanına daxil olmaq üçün yetərli saydadır. Polşa ordusuna ciddi yanaşmaq lazımdır”.
Bu sözləri AzVision.az -a hərbi ekspert, Latviya silahlı qüvvələrinin istefada olan yüksək rütbəli zabiti Eynars Qraudinş Polşanın son vaxtlar müşahidə olunan hərbi aktivliyini şərh edərkən deyib. O xatırladıb ki, Polşa 12 ildən artıqdır müddətli hərbi xidmət tətbiq etmir. Bu ölkənin müqaviləli əsgərlərdən ibarət peşəkar ordusu var. Bütün bunlar Rusiyanın Ukraynaya təcavüzü fonunda çox ciddi görünür. Tarixə nəzər salsaq, az məlum olan belə bir fakt var: 1990-cı il noyabrın 22-də Fars körfəzindəki beynəlxalq qüvvələrin tərkibində Polşa kontingenti yaradılıb. O illərdə Baltikyanı ölkələr NATO üzvü ola biləcəklərini ağıllarına belə gətirmirdilər.

Ekspert bildirib ki, Polşanın Rusiya və Belarusla sərhəddə aerostatlar yerləşdirməsinin sadə izahı var. Bu aşağıdan uçan hədəflərin erkən aşkarlanması üçün ən ucuz və effektiv üsullardan biridir. Hərbi-siyasi nöqteyi-nəzərdən isə buna Rusiyanın danışıqlar masası arxasına oturmaq və qoşunlarını Ukraynadan çıxarmaq istəməməsi şərait yaradır.

Digər məqam Rusiyanın Polşa ilə sərhədinin varlığı, Belarus ərazisində “Vaqner” XHŞ yaraqlılarının peyda olmasıdır. Müvafiq olaraq, Varşava da hərbi gücünü nümayiş etdirmək üçün standart variantlardan istifadə edir. Ona görə, Polşa bu yaxınlarda öz tarixinin ən böyük hərbi paradlarından birini keçirdi. Bu, Ukraynada müharibəni davam etdirən Rusiyanın təcavüzkar siyasətinə məntiqli reaksiyadır.

Ekspert əmindir ki, Polşanın bu cür davranışı silahlanma yarışına səbəb olmayacaq: “ Rusiyanın sərbəst resursları yoxdur. Hər şeydən əvvəl, müharibədə iqtisadiyyatlar mübarizə aparır. Əvvəldən axıra kimi. Müharibədə həmişə iqtisadiyyat qalib gəlir. Bu gün nə görürük? Rublun dollara nisbətdə məzənnəsi psixoloji baryeri keçdi - bir dollar yüz rubldur. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini kəskin artırıb ki, bu da iqtisadiyyatı boğur. Ona görə də, yaxın gələcəkdə və onilliklərdə Rusiya tərəfindən heç bir silahlanma yarışı müşahidə etməyəcəyik. Bundan söhbət gedə bilməz. Polşa isə düzgün addımlar atır. Belə bir qonşu ilə başqa cür yola getmək mümkün deyil”.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Polşa  





Xəbər lenti