Sosial şəbəkə kasıblar üçündür

// Qlobal statistika bunu təsdiqləyir

 Sosial şəbəkə kasıblar üçündür
  15 Avqust 2023    Oxunub:3688
Müxtəlif ölkələrdə insanlar sosial şəbəkələrdə nə qədər vaxt keçirirlər? “Electronics hub”ın apardığı araşdırma göstərir ki, dünya əhalisi üçün bu rəqəm ortalama gündə 2 saat 31 dəqiqədir.
Ən yüksək göstərici Cənubi Afrika Respublikasında qeydə alınıb: Orada hər insan yuxuda olmadığı vaxtın təxminən 22.56%-ni, yəni 3 saat yarımdan çoxunu sosial şəbəkələrdə keçirir. İkinci yerdə braziliyalılar (22.37%), üçüncü yerdə filippinlilər (22%) gəlirlər. İlk onluqda sonrakı yerlər belədir:
4. Kolumbiya (20.85%)
5. Çili (20.80%)
6. Meksika (20.06%)
7. İndoneziya (19.71%)
8. Argentina (19.39%)
9. Səudiyyə Ərəbistanı (17.60%)
10. Türkiyə (17.21%)

Sosial şəbəkədə ən az vaxt keçirən yaponlardır: Yuxuda olmadıqları vaxtın təxminən 5%-i. Bu, gündə bir saatdan az edir. Güney Koreya sakinlərində həmin göstərici 6.85%-ə bərabərdir. Qalan ölkələrdə anoloji rəqəm bu ikisindən xeyli yüksəkdir.

Avropada orta statistik insan yatmadığı vaxtın 10-12 faizini sosial şəbəkələrdə keçirir. Rusiyada həmin rəqəm 13.69%-ə bərabərdir.

Rəqəmlərin təhlili maraqlı nəticələrə gəlməyə kömək edə bilər. Göründüyü kimi, əsasən kasıb və inkişafa meyilli olmayan ölkələrdə insanlar vaxtlarının daha çoxunu sosial şəbəkədə keçirirlər. Yaponiya və Güney Koreya kimi sürətlə inkişaf edən ölkələrdə isə həmin göstərici minimaldır. Bu əlaqənin səbəb-nəticə vektoru da maraqlıdır: İnsanlar kasıb olduqları üçün sosşəbdə çox vaxt keçirirlər, yoxsa əksinə, sosşəbdə çox vaxt keçirdikləri üçün kasıbdırlar? Fikriniz maraqlıdır.

Yeri gəlmişkən, sizdə bu göstərici nə qədərdir?

Samir Quliyev
AzVision.az

Qalereya




Teqlər: Sosial-şəbəkə  





Xəbər lenti