Separatçılara vaxt qoymalıyıq – Ədalət Verdiyevin yazısı
Bakıda olarkən Rusiya Federasiyası Dövlət Dumasının spikeri Volodin də Aİ müşahidəçilərinin Ermənistanda olması mövzusunda kifayət qədər sərt danışaraq, geosiyasi toqquşmaların erməni dövlətçiliyinin itirilməsinə gətirib çıxara biləcəyin işarə vurmuşdu. Rusiyanın yüksək rütbəli məmurlarının mesajları artıq rəsmi İrəvana yox, erməni xalqına ünvanlanıb. Kremlin məqsədi Ermənistanı itirmək və ya Qərbə güzəştə getmək deyil. Moskva Paşinyanı meydandan uzaqlaşdırmaqla Ermənistanı öz təsir dairəsinə qaytarmağın yollarını axtarır.
Rəsmi İrəvanın anti-Rusiya siyasəti fonunda Moskva qalib Bakı ilə strateji münasibətlər qurmağa üstünlük verib. İndiyə qədər Kreml Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərinə bir qədər tarazlaşdırılmış şəkildə yanaşırdısa, Paşinyanın açıq şəkildə Qərb sahillərinə üzməsi Moskvanı baxışlarını dəyişməyə vadar etdi.
Hərçənd, Qarabağ məsələsində Rusiyanın bizə münasibəti fərqlidir və bu bizi qane edə bilməz. Azərbaycan Ermənistanı Qarabağ müzakirələrindən kənarlaşdıra bilib, amma Rusiya prosesi uzatmaqla Qarabağda daha çox qalmaqda maraqlıdır. Bunun qarşısını almaq üçün Rusiya kontingentinin müvəqqəti yerləşdiyi ərazidəki yarıtmaz fəaliyyətini daha geniş işıqlandırmalıyıq.
Düşünürəm ki, rəsmi Bakı ruslara erməni silahlılarının və texnikalarının çıxarılması üçün vaxt təyin etməlidir. Məsələn, rus kontingentinə funksiyalarını yerinə yetirməsi üçün 1 ay vaxt verilir, əgər erməni silahlıları tam çıxarılmasa, Azərbaycan Əsgəri Suqovuşandan hərəkətə başlayır, Ağdərədən keçir, Laçında Ermənistanla şərti sərhəddə və ya Qarakilsədə dayanır.
Belə bir fəaliyyət planını uyğun strukturlarımız rəsmən elan etməlidir ki, ermənisi də, rusu da, fransızı da, farsı da, separatçısı da işini bilsin.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
Teqlər: Qarabağ