Qanlı “Sahil”: Afrikada çevriliş zolağı niyə yarandı – TƏHLİL
Nigerdə iyulun 26-da üsyançılar prezident Məhəmməd Bazumun devrildiyini elan ediblər. Lakin nüfuzlu Afrika və Qərb ölkələri qiyamçıları əvvəlki sistemi bərpa etməyə çağırır. Hərçənd, Burkina-Faso və Malidəki çevrilişlərin tarixi göstərir ki, bunun başvermə ehtimalı azdır.
Çevrilə-çevrilə gedir
Siyasi qeyri-sabitlik Afrika ölkələrinin əsas xüsusiyyətidir. 2017-ci ildən bəri dünyada baş verən 17 dövlət çevrilişindən yalnız biri Afrikada deyil, Asiyada - Myanmada baş verib. Son üç ildə Sahil bölgəsinə və ECOWAS iqtisadi assosiasiyasına aid olan Qərbi Afrika ölkələri qeyri-sabitliyin mərkəzinə çevriliblər. Bu müddət ərzində burada 7 dəfə dövlət çevrilişinə cəhd edilib. Mali və Burkina-Fasonun hər birində iki dövlət çevrilişi olub. Nigerdə 2021-ci ildə uğursuz cəhd olub, Çad hakimiyyəti isə 2023-cü ilin əvvəlində çevriliş cəhdi olduğunu bildirib. Nisbətən sabit olan Seneqalda da son aylar siyasi vəziyyət xeyli mürəkkəbləşib.
Regionda onilliklər boyu mövcud olan və 2000-ci illərə qədər davam edən kövrək vətəndaş sülhü elitalararası yarıgizli razılaşmaların nəticəsi idi. Lakin indi bu konsensus da, görünür, tam olaraq məhv edilib. Bu ölkələr kifayət qədər yüksək qeyri-şəffaflıq, geniş yayılmış qohumbazlıq və korrupsiya, əsasən yaşlı təbəqə ilə gənc seçicilər arasında siyasi qütbləşmə ilə xarakterizə olunan oxşar siyasi sistemlərə və mədəniyyətlərə malikdirlər. Bölgə həm də etno-regional səviyyədə təkrarlanan yüksək qeyri-bərabərliklə xarakterizə olunur: kənd təsərrüfatının inkişaf etdiyi cənub baxımsız qalmış səhra periferiyasından xeyli irəlidədir. Şimal əslində siyasi proseslərdən kənarlaşdırılıb. Daha bir problem ölkələrin quraqlığa və iqlim dəyişikliyinin digər mənfi təsirlərinə meylli olan zonada yerləşməsidir.
Fırtınalı “Sahil”
Nigerdəki çevriliş Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində "keçid dövrünün prezidentlər" titulunu daşıyan iki liderin – İbrahim Traore (Burkina-Faso) və Assimi Qoitanın (Mali) iştirakı ilə baş verib. Hər ikisi göstərdiyi dəstəyə görə Rusiyaya ürəkdən təşəkkür ediblər.
34 yaşlı Traore iki çevrilişin iştirakçısıdır. 2022-ci ilin yanvarında o, prezident Roka Kaboreni devirən Vətənpərvər Müdafiə və Bərpa Hərəkatının hakimiyyətə gəlməsinə kömək edib. Yeni Burkina-Faso hökumətinə Paul-Henri Sandaoqo Damiba rəhbərlik edirdi. Lakin onun hakimiyyəti qısa sürdü və 2022-ci il sentyabrın 30-da ikinci çevrilişdə iştirak edən Traore ölkə başçısı oldu. Planlara görə, 2024-cü il iyulun 24-də Burkina-Fasoda prezident seçkiləri keçiriləcək.
40 yaşlı Assimi Qoita daha uzun müddətdir ki, hakimiyyətdədir. 2020 çevrilişi zamanı prezident İbrahim Bubakar Keyta devrildikdən sonra Assimi Qoita Maliyə bir neçə ay rəhbərlik edib. 2020-ci ilin sentyabrında hakimiyyət Ba Ndauya keçdi və Qoita vitse-prezident oldu. Lakin 2021-ci ilin mayında Qoita Ba Ndaunun vəzifədən uzaqlaşdırıldığını elan etdi və özü ölkəyə rəhbərlik etməyə başladı. Mülki idarəetməyə keçidlə bağlı qəbul edilmiş plana əsasən, 2024-cü ildə prezident seçkiləri keçiriləcək.
Verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edən digər sammit iştirakçısı isə Mərkəzi Afrika Respublikasının (MAR) prezidenti Faustin-Arçanj Touadéradır. Onun ölkəsi formal olaraq Sahil bölgəsinə aid deyil, lakin orada gedən proseslər region üçün önəmlidir. O, 2016-cı il seçkiləri ilə hakimiyyətə gəlib və 2020-ci ildə yenidən seçilib. Sammitdə qeyd edib ki, Rusiya “heç bir geosiyasi problemdən qorxmadan” terrorla mübarizədə onun ölkəsinə yardım edir.
2021-ci ildə üsyançılarla döyüşdə həlak olan prezident İdris Debinin oğlu Mahamat İdris Debi Çadda hakimiyyəti ələ keçirib. Dövlət başçısının ölümündən sonra hərbçilər və Mahamat Debi hələ də seçki keçirməyiblər.
Niger üsyançılarının lideri, yaşı 60-dan yuxarı olan Ömər Çianidir (“Əbdürrəhman” adından da istifadə edir) prezidentin həbsindən üç gün sonra çıxış edərək, hərbçilərin hərəkətlərini belə izah etdi: korrupsiya və qohumbazlıqla mübarizə.
Bölgədə təhlükəsizlik baxımından vəziyyət o qədər mürəkkəbdir ki, qeyri-sabitlik Atlantik okeanı sahillərində yerləşən ölkələrə də keçə bilər.
“Cihad” izi
Mali, Burkina-Faso və Niger qiyamçıları konstitusion hökumətin devrilməsinin əsas səbəblərindən biri kimi cihadçılarla mübarizə apara bilməməyi göstəriblər. Ekspertlər, siyasətçilər və BMT regionda terror təhlükəsinin artması ilə bağlı xəbərdarlıq edir. Müvafiq meyillərin yaranmasına və yayılmasına vətəndaş müharibəsi, sonra isə Liviyaya, qonşu Nigerə və Çada olan beynəlxalq müdaxilə təkan verdi. Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən və ölkə xaosa qərq olduqdan sonra bölgə sözün əsl mənasında ucuz silah və sursatla dolub.
“Sahil”də bir neçə əsas aktiv qrup var. Böyük Sahara İslam Dövləti 2015-ci ilin mayında İraq Şam İslam Dövlətinə (İŞİD) biət edib. Hərəkatın lideri Adnan Əbu Vəlid əs-Səhravidir. BMT-nin məlumatına görə, 2018-ci ildən bu təşkilat Malinin şimalındakı əhalinin dəstəyini alıb və Burkina-Fasoda sələfi-cihadçı üsyanını gücləndirməyə kömək edir. İŞİD çoxsaylı hücumlar həyata keçirib: 2019-cu ilin may ayında qrup Mali ilə sərhədə yaxın Tillaberi bölgəsinin qərb hissəsindəki Tonqo-Tonqo kəndində nigeriyalı hərbçilərə hücum edib; 28 nəfər ölüb.
“Camaa Nüsrət ül-İslam və əl-Muslim” (JNİM) islamçı hərəkatının Malidə dörd koalisiyası var. 2017-ci il martın 2-də yaradılmış bu qrup özünü Əl-Qaidənin Malidəki rəsmi qolu adlandırır.
Nigeriyanın “Boko Haram” (mümkün tərcüməsi: “Qərb təhsili günahdır”) qruplaşmasının fəallaşması vəziyyəti təkcə orada deyil, qonşu ölkələrdə də mürəkkəbləşdirir. Qruplaşma 2002-ci ildə ölkənin şimal-qərbində peyda olub. 2009-cu ilə qədər hökumət ona qarşı bir sıra uğurlu əməliyyatlar keçirib və qrup faktiki olaraq gizli fəaliyyətə keçib. Lakin 2011-ci ildə özünü yenidən elan edərək, 2015-ci ildə “Əl-Qaidə”yə sədaqət andı içib və kütləvi hücumlarını davam etdirir.
Terrorizm üzrə ixtisaslaşan “Soufan Center” analitik mərkəzinin ekspertləri Qana və Benində cihadçılarla əlaqəli hadisələrin sayının artmasına, terrorçuların okeandan qitənin dərinliklərinə doğru dəhliz qurmaq niyyətlərinə diqqət çəkirlər.
Qərbin müdaxiləsi nə verdi
Beynəlxalq ictimaiyyət bu təhdidlərə Maliyə 2013-cü il aprelin 25-də yaradılmış MINUSMA sülhməramlı missiyasını göndərməklə cavab verdi. Tezliklə Mali hakimiyyəti sülhməramlıların ölkədən çıxarılmasını tələb etdi. BMT Təhlükəsizlik Şurasının yekdil qərarı ilə hərbi və polis kontingentləri bu ilin sonuna qədər çıxarılmalıdır.
BMT bildirib ki, Malidəki əməliyyat qurumun bütün sülhməramlı missiyaları arasında ən təhlükəlisidir. Vəzifə borcunu yerinə yetirərkən on il ərzində 309 sülhməramlı həlak olub. Missiya həm də ən irimiqyaslılardan biri idi. Hazırda MINUSMA-nın heyətində 15 min nəfər var.
BMT baş katibinin hesabatına görə, cihadçılara qarşı mübarizə iyun ayında da davam edib. Mərkəzi Malidə JNIM-ə bağlı qruplar əhəmiyyətli təhlükə törətməyə davam edib. 2022-ci il iyulun 1-dən 2023-cü il mayın 22-dək silahlı münaqişə nəticəsində ümumilikdə 1002 mülki şəxs həlak olub, 445 nəfər yaralanıb.
Fransız hərbçiləri Malidən ayrıldıqdan sonra Nigeri əsas bazalarına çevirdilər. Sərhəd bölgələrindəki əməliyyatlarda Niger ordusuna dəstək verən 1500-ə qədər hərbçi, təyyarə və PUA ölkəyə yerləşdirildi.
ABŞ-ın Nigerdə iki hərbi bazası var, onların şəxsi heyətinin sayı təxminən 1100 nəfərdir və məqsəd həm də terrorçularla mübarizədir.
İtaliya Nigerdə 300-ə yaxın hərbçi yerləşdirib.
Rusiya Afrikada necə gücləndi?
Rusiyanı köməyə çağıran ilk ölkə Mərkəzi Afrika Respublikası oldu. 2018-ci ilin martında məlum oldu ki, Rusiya orduya təlim keçmək üçün ora beş hərbi və 170 mülki təlimçi, eləcə də atıcı silah və sursat partiyası göndərib. Elə həmin il Qərb və Rusiya KİV-ləri “Vaqner” ÖHŞ-dən olan rus muzdlularının MAR-da olması barədə məlumat yaymağa başladılar. 2021-ci ilin sentyabrında xarici işlər naziri Sergey Lavrov Mali hakimiyyətinin adını çəkmədən onun Rusiya hərbi şirkətindən kömək istədiyini açıqladı.
Nigerdə çevrilişi dəstəkləyən mitinqlərdə Rusiya bayraqları göründü və “Vaqner”in rəhbəri Yevgeni Priqojin baş verənlərin “müstəmləkəçilərə qarşı mübarizə”, “müstəqillik əldə etmək və müstəmləkəçilərdən qurtulmaq” olduğunu söylədi.
Lakin regional və panafrika təşkilatları hakimiyyətin konstitusiyaya zidd olaraq dəyişdirilməsini dəstəkləmir və belə hadisələrə “sıfır dözümlülük” elan edilib. ECOWAS sammitinin iyulun 30-da keçirilən fövqəladə qətnaməsində bildirilir ki, təşkilat hadisəyə xarici hökumətlər və özəl hərbi şirkətlər tərəfindən dəstək verilməsini pisləyir. Əvvəllər Mali və Burkina-Fasoya olduğu kimi, Nigerə də sanksiyalar tətbiq edilib: onun təşkilatın digər üzvləri ilə sərhədləri bağlanıb, kommersiya təyyarələrinin ölkə üzərindən uçuşlarına qadağa qoyulub.
Mali və Burkina-Fasonun hərbi hökumətlərinin bir hissəsi anti-Qərb ideyalarını bölüşür və küçənin əhval-ruhiyyəsi ilə məharətlə oynayır. Ona görə də kursun dəyişməsi, Rusiya ilə əməkdaşlığa istiqamətlənmə çox təbiidir. Ancaq yığılmış problemlər o qədərdir ki, Fransa ordusunu Rusiya XHŞ-ləri ilə əvəz etməklə onların həlli qətiyyən mümkün deyil.
Samir Quliyev
AzVision.az