“Səlibçilər” və badımcan – Ədalət Verdiyevin yazısı
Hamımız yaxşı bilirik ki, insan ac olanda ölməmək üçün əlacsızlıqdan ot, ağac qabığı və ya bitki kökü də yeyə bilir. Qarabağda hansısa erməninin qeyri-insani qida qəbul etdiyini və ya acından öldüyünü kimsə görüb? Xeyr, görməyib.
Cəmi 5 ay əvvəl ermənilərə “Qarabağı dünyanın ən yaşamalı yerlərindən birinə çevirəcəyik” vədini verən niyə dillərini udublar?! Çıxıb hesabat versinlər. Budurmu yaratdıqları “ən yaşamalı yer”?! “Güclü və müstəqil dövlət” dedikləri haradadır? Xunta rejiminin rəhbərləri maddi maraqları naminə Qarabağdakı erməniləri siyasi girova çeviriblər.
Əslində bu gün biz RSK-nın nəzarət etdiyi ərazilərdə bəzi ərzaq məhsullarının qıtlığını deyil, bahalaşmasını müşahidə edirik. Xunta rejimi də bu qıtlıqdan şəxsi mənfəəti üçün istifadə edir. Əgər Qarabağ “mühasirə” şəraitindədirsə, ərzaq qıtlığı davam edirsə, Xankəndidə hər gün toy, şənlik məclisləri necə təşkil edilə bilər? Araikin yaşadığı küçədəki restoran 15 nəfərlik banket şifarişlərini qəbul edirsə, hansı “mühasirədən” danışmaq olar?
“Mühasirədə” olan Qarabağ erməniləri İrəvana “humanitar yardım” göndəriblər: Nikol Paşinyana əcəbsandal bişirmək üçün qırmızı lentlə bəzədilmiş 4 kq büzüşmüş badımcan. Yardım Anna Akopyana ünvanlanıb. Çatıb-çatmadığını bilmirəm, amma qədim Azərbaycan mətbəxinə aid yemək adının erməniləşdirilməsinə kulinarlarımız yəqin ki, tutarlı cavab verəcəklər.
Təbii ki, Laçın yolunda baş verənlər Ermənistanın siyasi manipulyasiyasıdır. Bu şounun əsas məqsədi dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmaq və Bakıya təzyiq göstərməkdən ibarətdir. Təbii ki, İrəvanın bəzi qüvvələrin məsləhətilə atdığı bu mənasız addımlar heç bir nəticə verməyəcək. Sonunda Ermənistan maşınları geri qaytarmaq üçün ya Azərbaycandan yol istəyəcək, ya da maşınları dəyər- dəyməzinə Azərbaycana satıb, “suyu süzülə-süzülə” çıxdığı yerə qayıdacaq.
Laçın yolunun açılması üçün sərt addımların atılmasını tələb edən “Xaçakir” (Səlibçilər) dəstəsinin İrəvandakı hökumət binası qarşısında etiraz aksiyası keçirməsi də heç nəyi dəyişməyəcək. Dəstənin rəhbəri Sarkis Poqosyan Qarabağa yolu güc tətbiqi ilə açacağını deyirdi. Əgər alnında dəlik görmək istəyirsə, buyursun, Laçın sərhəd-keçid məntəqəsinə yaxınlaşsın. Ermənistanda yəqin ki, kimsə Poqosyana və “Xaçakir” üzvlərinə “44 günlük müharibə vaxtı niyə sonuna qədər döyüşməyib, fərarilik etdiniz” sualını verəcək.
Xankəndidə yaşayan Artur Osipyanın fəaliyyətini də yaxından izləyirik. Azərbaycana qarşı səsləndirdiyi separatizm və təxribat xarakterli ifadələr ona baha başa gələcək.
Bu gün baş verənlərlə bağlı hamı bir şeyi dəqiq bilməlidir: Bizimlə yaşamaq istəməyənlər üçün Laçın yolu birtərəfli istiqamətdə açıqdır ki, onlar ölkənin ərazisini dördnala tərk edə bilsinlər. Cinayət törədənlərdən başqa: Onların yeri Bakı ətrafında yerləşən həbsxanalardan birindədir.
İrəvanın uğursuz şousu bir daha göstərdi ki, nə İrəvanın Azərbaycana qarşı təzyiq mexanizmləri mövcuddur, nə də müttəfiqlərinin. Təzyiq göstərməyə cəhd edənlər üçün daim alternativ təkliflərimiz hazırdır, amma hələlik bu barədə danışmayaq. Təkliflər bəzən dövlətin güc strukturlarının planları ilə üst-üstə düşür, bu isə müəyyən problemlər yarada bilər. Əsas odur ki, məğlub Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edək.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: