Gəncə qiyamında Elçibəyin səhvi

Gəncə qiyamında Elçibəyin səhvi
  05 İyun 2014    Oxunub:1154
“Əli Kərimliyə dedim məsuliyyəti götür üzərinə, yerlərdə hakimiyyəti silah gücünə devirənlərə qarşı güc tətbiq edin, mən sizə informasiya dəstəyi verəcəm. Mənimlə razılaşdı,amma hiss olunurdu ki,o artıq heç nəyə nəzarət eləmir”.
AzVision.az xəbər verir ki, bu barədə Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bildirib.

Partiya sədri 4 iyun Gəncə qiyamı haqda danışarkən Elçibəy hakimiyyətinin buraxdığı səhvlərdən söz açıb.

“Surətin dəstəsi Hacıqabulda olan vaxt bu dəstənin məhv edilməsi üçün ciddi addımların atılmaması səhv idi. İyunun 14 -də ya da15-də rəhmətlik Ağamalı Sadiqlə Elçibəyin yanında olduq. Mən hərbi vəziyyətin elan edilməsi, Dövlət Müdafiə Komitəsinin yaradılması, parlamentin buraxılması kimi konkret təkliflər verdim, bütün sənədlərin və onun xalqa müraciətinin mətnini özüm hazırlamağı öhdəmə götürdüm. Dedi ki, Heydər Əliyev Gəncədən gəlsin, onunla məsləhətləşəcəm.

Həmin vaxt dövlət katibi olan Əli Kərimlinin yanında da olduq. Dedim məsuliyyəti götür üzərinə, yerlərdə hakimiyyəti silah gücünə devirənlərə qarşı güc tətbiq edin, mən sizə informasiya dəstəyi verəcəm. Mənimlə razılaşdı,amma hiss olunurdu ki,o artıq heç nəyə nəzarət eləmir”.

V.Hacıbəyli həmçinin istefa verdikləri üçün Müsavat başqanı İsa Qəmbəri və Pənah Hüseyni də qınayıb.

“Təsəvvür edin ki, prezidentin yanına girdik, çıxdıq, bizi nə bir saxlayan, nə də bir yoxlayan oldu. Bu hal, hətta Ağamalı bəyi əsəbləşdirdi və o böyük skandal yaratdı. Hakimiyyətin aparıcı fiqurları olan İsa Qəmbərlə, Pənah Hüseynin istefaları idarəetmədə boşluq yaratmışdı və hakimiyyət strukturlarını demoralizə etmişdi. Bu istefalar vaxtında verilməmişdi və səhv idi. Ən böyük səhv isə yeni parlament seçkilərinin keçirilməsinin bilərəkdən yubadılması idi ki, bu məsələdə də Elçibəyin siyasi məsuliyyəti yoxdur. Elçibəyin Kələkiyə getməsi isə həmin dövrdə onun tərəfindən atılan ən düzgün addım idi. Düzdü, bu addım onun xalq hərəkatının rəhbəri kimi siyasi bioqrafiyasına heç bir müsbət çalar əlavə etmir. Amma onun bu addımı Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Bu faktdı ki, Elçibəy vəzifədən, mənsəbdən, hakimiyyətdən ötrü qan tökmədi. Kimlərsə bunu qəbul etməyə bilər”-deyə V.Hacıbəyli qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti