Türkmənistan XİN: "Transxəzər boru kəməri tamamilə real layihədir"

      Türkmənistan XİN:    "Transxəzər boru kəməri tamamilə real layihədir"
  25 İyul 2023    Oxunub:1370
Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi, maliyyə faktoru görmür və bu layihə Avrasiyanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verə bilər.
Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin Türkmənistan təbii qazının Avropa bazarlarına tədarükü layihəsinin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı xarici KİV-lərdə dərc olunan məlumatında deyilir.

“Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş Transxəzər qaz kəmərinin tikintisi ideyası ölkəmiz tərəfindən ilkin olaraq təkcə iqtisadi və kommersiya baxımından sərfəli layihə kimi deyil, həm də istehsalçıların, istehlakçıların və tranzit ölkələrin maraqlarının və faydalarının bərabər nəzərə alınması əsasında qlobal enerji təhlükəsizliyinin və dayanıqlığının əsas şərti kimi enerji axınlarının şaxələndirilməsinin vacib hissəsi kimi qiymətləndirilib. Yeri gəlmişkən, layihənin bütün potensial iştirakçıları bununla razılaşır”, - deyə XİN-in məlumatında qeyd ediilib.

Türkmənistan XİN xatırladıb: “Paralel olaraq, Türkmənistan BMT çərçivəsində enerji təhlükəsizliyi problemi ilə bağlı geniş maraqlı dialoqa təşəbbüs göstərib və nəticədə, 2008-ci ildə Baş Assambleya tərəfindən “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun davamlı inkişafın və beynəlxalq əməkdaşlığın təmin edilməsində rolu” adlı birinci konsensus qətnaməsinin qəbulu ilə nəticələnib. Yetmiş bir dövlət onun sponsoru oldu. 2013-cü ildə BMT Baş Assambleyası türkmənlərin analoji qətnamə layihəsini növbəti dəfə yekdilliklə qəbul edib”.

Bəyanatda vurğulanır ki, Türkmənistan Transxəzər boru kəmərinin tikintisi ideyasını həyata keçirməyə imkan verəcək lazımi siyasi, maliyyə, təşkilati şəraitin yaradılmasına səy göstərib. Bu məqsədlə Türkmənistan, Azərbaycan Respublikası və Avropa İttifaqının müvafiq enerji idarələrinin rəhbərlərindən ibarət üçtərəfli tərəfdaşlıq mexanizmləri formalaşdırılıb.

Məlumatda qeyd edilib: “Ümumiyyətlə, Transxəzər boru kəmərinin tikintisi üzrə əməkdaşlıq siyasi və funksional beynəlxalq dəstək alaraq ardıcıl və praktik şəkildə inkişaf edib. Xəzərdə siyasətin əsas prinsiplərini tənzimləyən fundamental sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ildə beş sahilyanı dövlət tərəfindən qəbul edildikdən sonra da layihənin beynəlxalq hüquqi qüvvəsi şübhə doğurmur”.

Türkmənistan XİN bu sənədin 14-cü maddəsinə istinad edir. Həmin maddədə deyilir: “Tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər. Tərəflər Xəzər dənizinin dibi ilə sualtı magistral boru kəmərlərini onların layihələrinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun müvafiq protokolları da daxil olmaqla, tərəfi olduqları beynəlxalq müqavilələrdə müəyyən edilmiş ekoloji tələb və standartlara uyğun olması şərti ilə çəkə bilər. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üçün yolun müəyyən edilməsi, sualtı kabelin və ya boru kəmərinin keçəcəyi dibin sektorunun məxsus olduğu Tərəflə razılaşdırmaqla həyata keçirilir”.

Bəyanatın sonunda deyilir: “Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan Respublikası arasında dəniz dibinin delimitasiyası ilə bağlıdır. Bundan əlavə, Türkmənistan qaz kəmərinin tikintisinə mane olan siyasi, iqtisadi, maliyyə faktorlarının olmadığına əmindir. Əksinə, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi nöqteyi-nəzərdən özünü doğrultmuş, Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadir, Avropa istehlakçılarının xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışını təmin etməklə yanaşı, onun həyata keçirilməsi tranzit tərəfinin açıq-aşkar faydalarını və maraqlarını da nəzərə almaqla mümkündür. Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq, Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”.

AzVision.az



Teqlər:





Xəbər lenti