Birinci yarımildə vergidən yayınma üzrə 268 cinayət işi açılıb

Birinci yarımildə vergidən yayınma üzrə 268 cinayət işi açılıb
  18 İyul 2023    Oxunub:922
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma faktları üzrə 268 cinayət işi başlayıb.
AzVision.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 42 cinayət işinin icraatına xitam verilib, 47 nəfər barəsində ittiham elan edilməklə 38 cinayət işi məhkəməyə göndərilib, 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 42 cinayət işindən 18-i üzrə vergi ödəyiciləri yayındırılmış vergiləri ibtidai istintaq zamanı tam ödədiyindən, Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 3 milyon 551,8 min manat məbləğində vəsait ödənilib. 6 ay ərzində ümumilikdə 21 milyon 288,5 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.

Hesabat dövründə müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 100 vergi ödəyicisində 199 nəzarət tədbiri həyata keçirilib, 76 vergi ödəyicisində 163 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 150,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 2,6 milyon manat vəsait ödətdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti