Amerikalı analitik Çin və İranla gizli əməkdaşlıqda ittiham olunur

Amerikalı analitik Çin və İranla gizli əməkdaşlıqda ittiham olunur
  11 İyul 2023    Oxunub:952
Birləşmiş Ştatların federal prokurorları Gal Lyuft adlı amerikalı-israilli analitiki qarşı “Çin üçün gizli lobbiçilik, Çinə təhlükəli silahların və İran neftinin satışında vasitəçilik etmək” əməllərində günahlandırıblar.
AzVision.az xəbər verir ki, ABŞ məhkəmə orqanları Gal Lyuftu Donald Trampın müşaviri kimi çalışmış keçmiş ABŞ dövlət məmurunu işə götürməkdə və ona Çinin müsbət siyasətini dəstəkləmək üçün pul verməkdə ittiham edirlər.

Prokurorlar həmçinin Gal Lyuftun İran rəsmiləri ilə Çin enerji şirkəti arasında İranın sanksiyalara məruz qalmış neft proqramı ilə bağlı razılaşmaların müzakirəsi üçün görüşlər təşkil etdiyini bildirirlər.

İttihama görə, Gal Lyuft, eyni zamanda, Çin şirkətlərinin Liviyaya tank əleyhinə qurğular, qumbaraatanlar və minaatan mərmilər satması üçün qanunsuz vasitəçilik edib.
Federal prokurorların ittiham aktına əsasən, Gal Lyuft “ABŞ-da Çinin maraqlarını inkişaf etdirmək üçün şərait yaratmaq, qeydiyyatdan keçməmiş xarici agent kimi fəaliyyət göstərmək, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaq, silah alveri və hüquq-mühafizə orqanlarına dəfələrlə yalan danışmaq” da daxil olmaqla bir çox cinayətlərdə günahlandırılır ki, bu da 100 ildən çox həbs cəzası deməkdir.

Amerika-İsrail ikili vətəndaşlığı olan Gal Lyuft Vaşinqtonda yerləşən enerji və təhlükəsizlik analitik mərkəzinin direktoru vəzifəsində çalışıb. O, fevral ayında Kiprdə ABŞ agentləri tərəfindən həbs olunub, lakin ekstradisiya prosesinə qədər girov müqabilində sərbəst buraxıldıqdan sonra qaçıb. Hazırda ABŞ Ədliyyə nazirliyi onun yerini tapmaq üçün FTB və digər təhlükəsizlik agentlikləri ilə birgə iş aparır.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti