İranda elektrik istehlakının və qıtlığının yeni rekordu

İranda elektrik istehlakının və qıtlığının yeni rekordu
  11 İyul 2023    Oxunub:1094
Rəsmi hesabatlar son vaxtlar gündəlik elektrik istehlakının artmasını və onun “rekord qırmasını” göstərir. Bundan əlavə, İranın elektrik enerjisi istehsalının artımı əvvəlki illərlə müqayisədə çox az olub.
AzVision.az İranın Elektrik şəbəkəsi idarəetmə şirkətinin məlumatına istinadən bildirir ki, elektrik enerjisi istehlakı ötən gün 71 min 987 meqavata çatıb və bu da İran tarixində ən yüksək elektrik enerjisi istehlakıdır.

İranın Kiçik sənaye və Sənaye şəhərləri təşkilatının rəhbəri Əli Rəsuliyan keçən il televiziya proqramında elektrik enerjisinin kəsilməsi səbəbindən sənaye sahələrinə təqribən 7 milyard dollar ziyan dəydiyini açıqlayıb. İstehsalçılar isə zərərin miqdarının dəfələrlə çox olduğunu bildiriblər.

Mövcud çətinliklər fonunda İran Elektrik şəbəkələri idarəetmə şirkətinin baş direktoru Mustafa Rəcəbi Məşhədi “dayanıqlı elektrik enerjisi”nin təminatı naminə istehlakçıları “10% qənaətə” çağırıb.

Maraqlıdır ki, İranda istehsal olunan elektrik enerjisinin təxminən 14%-nin ictimai işlərdə və dini təbliğat kimi digər məqsədlər üçün istifadə edildiyi halda insanlara elektrik enerjisinə qənaət siyasəti təşviq olunur. Məclisin qərarına əsasən 2014-cü ildən etibarən məscidlər, Hüseyniyyələr, Qurani-Kərim müəssisələri, Darül-Quran, seminariyalar, şəhidlərin gül bağları, imamzadələr və dini ocaqlar su və kanalizasiya, işıq, qaz və rüsum ödənişlərindən azad edilib.

Hökumətin elektrik enerjisi istehlakını azaltmaq bəhanəsi ilə ölkənin rəsmi vaxtının dəyişdirilməməsi, idarə və bankların iş vaxtının bir neçə dəfə dəyişdirilməsi ilə bağlı addımı o qədər də effektli olmayıb. Hesabatlar elektrik enerjisi istehlakının iyunun ilk iki həftəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artdığını göstərir.

Elektrik enerjisi qıtlığının qarşısını almaq üçün İran hər il 5 min meqavatlıq yeni elektrik stansiyaları qurmalı və ya istilik və qaz elektrik stansiyalarını kombinə edilmiş dövrə tipinə keçirməlidir.
AzVision.az



Teqlər: İran   enerji  





Xəbər lenti