İrandan mal gətirən biznesmenlərə xəbərdarlıq

      İrandan mal gətirən biznesmenlərə xəbərdarlıq
  07 İyul 2023    Oxunub:1559
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İranda fəaliyyət göstərən, təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AzVision.az -a AQTA-dan məlumat verilib. Bildirilib ki, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

Bununla əlaqədar, İran İslam Respublikasının səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il sentyabrın 1-dən balıq və balıq məhsullarının, süd və süd məhsullarının istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida obyektləri tərəfindən məhsulların idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.

AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır.

Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir. Agentlik növbəti dəfə qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti