ABŞ: İranın neft ixracından götürdüyü qazanc azalıb

 ABŞ:  İranın neft ixracından götürdüyü qazanc azalıb
  30 İyun 2023    Oxunub:1116
Vaşinqtonun İranın enerji sektoruna qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədi Tehranın neft-qaz ixracından götürdüyü gəlirlərin əhəmiyyətli dərəcədə azaldılmasıdır. Son statistik göstəricilər buna müəyyən mənada nail olunduğunu sübuta yetirir.
AzVision.az ABŞ-nin Enerji informasiya administrasiyasının yeni hesabatına istinadən xəbər verir ki, İranın neft ixracatından aldığı gəlirlərdə azalma müşahidə olunur.

Hesabata əsasən, endirimlər və sanksiyalardan yayınma xərcləri istisna olmaqla, bu ilin ilk beş ayı ərzində İranın neft və neft məhsulları ixracından götürdüyü ümumi gəlirin həcmi 18 milyard dollar təşkil edib. Bu rəqəmin 2023-cü il üçün cəmi 44 milyard dollar olacağı, növbəti il üçünsə 48 milyard dollara çatacağı gözlənilir. Halbuki, ötən il İranın neft və neft məhsulları ixracatından əldə etdiyi gəlir 54 milyard dollar olub.

“Vortexa” enerji konsaltinq şirkəti də daxil olmaqla, beynəlxalq qurumların qiymətləndirməsinə görə, İranın neft ixracının həcmi bu ilin may ayında gündəlik 1,5 milyon barellə çatıb ki, bu da 2018-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. ABŞ sanksiyalarından əvvəl İran gündə 2,5 milyon barel neft ixrac edirdisə, 2020-ci ildə bu rəqəm 320 min barelə düşmüşdü.
Baydenin hakimiyyətə gəlməsindən sonra JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) canlandırılması ümidi ilə İranın neft ixracı artmağa başlayıb.

ABŞ Enerji informasiya administrasiyasının hesablamalarına görə, OPEK üzvləri keçən il neft ixracından ümumilikdə 888 milyard dollar gəlir əldə ediblər ki, İranın da bu gəlirlər də payı cəmi 6% təşkil edib. Bu il üçün OPEC üzvlərinin gəlirinin 656 milyard dollar olacağı gözlənildiyi nəzərə alınsa, Tehranın daha az gəlrilə kifayətlənməli olacağı birmənalıdır.
AzVision.az





Teqlər: İran   neft  





Xəbər lenti