Bakıda insanlar avtobus və metronu qoyub taksilərə minirlər: Nazir gileyləndi |
“Çünki taksi sürücüsünə belə havada işləmək sərf etməyəcək. Ona görə də taksi qiymətləri dəyişən tarif olacaq. Fikrimcə, dövlət taksi fəaliyyəti sahəsindəki narazılıqları həll etməyə çalışır, konkret iş görmək istəyir. Bunlardan birincisi sərnişinlərlə taksi sürücüləri arasında olan problemlərdir. Əslində belələri əsl taksi sürücüləri deyil. Peşəkar taksi sürücüləri mərifətli insanlardır. Lakin bu gün fürsətdən istifadə edib, taksi operator şirkətlərinə qoşulan insanlar Azərbaycan qanunlarına hörmət etmədən fəaliyyət göstərirlər. Yaşları 21-dən az, sürücülük təcrübələri yox və avtomobilləri də bugünki standartlara cavab vermir”,- deyə ekspert əlavə edib.
E.Cəfərov ikinci problemin taksi sürücüləri ilə operator şirkətləri arasında olduğunu vurğulayıb:
“Taksi operator şirkətləri sürücüləri istismar edir, sutka ərzində 14-15 saat çalışdırır, onların işçi kimi hüquqlarını pozur, qeyri-nağd ödəmələrini vaxtında sürücülərə qaytarmır.
Problemlərin yaranma səbəbi Azərbaycanda, xüsusilə Bakı şəhərində ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır. Vətəndaşlar saatlarla dayanacaqlarda avtobus gözləyir. Ödəmə terminalları yığışdırılıb, sərnişinlər kartlarını yükləmək üçün metrolara axın edir və nəticədə sıxlıq yaranır. Ona görə vətəndaşlar daha çox taksiyə üstünlük verirlər. Beləlikə, taksilərə tələb artır. Lakin bizdə bu qədər peşəkar, bacarıqlı sürücü yoxdur. Ona görə heç bir təcrübəsi olmayanlar taksi fəaliyyətində çalışırlar”.
Ekspert bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanlar və bəzi şirkətlər qiymətlərin artmasının tərəfdarıdır.
“Amma sadəcə onların marağını dəstəkləməməliyik. Biz sərnişinin, istehlakçının tərəfində olmalıyıq. Avtobusların qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırılanda daşıyıcılar problemlərin aradan qaldırlacağını bildirmişdi. Amma əksinə keyfiyyət aşağıya düşüb və marşuruta buraxılan avtobusların sayı daha da azaldılıb.
Taksi sahəsinə nizam-intizam yaratmaq istəyiriksə, sadə tələblərə əməl etməliyik. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən insanlara fərqlənmə nişanı verən qurumlarımız bu işdə ciddi olmalıdırlar. Reqlamentə uyğun olmayan vətəndaşlara fərqlənmə nişanını verməməlidirlər. Reydlər təşkil olunmalı, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan, vergi ödəməyən şirkətlərlə bağlı tədbir görülməlidir. Bunlar hamısı vətəndaşın əksinə olmamalıdır”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatları "APA-Economics"ə açıqlayıb. O bildirib ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub. "Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35% azalıb".
Aytən Zəhra
AzVision.az