Daşkəsəndə arıçılar üçün növbəti layihənin icrasına başlanılıb
Məlumata görə, layihə çərçivəsində rayonun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə görüş keçirilib. Görüşdə “AzerGold”un müşaviri İlqar Cəlilov, KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, regional strukturların nümayəndələri iştirak edib. Bildirilib ki, Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilən layihənin məqsədi kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır.
Layihənin icra dövrü ərzində “AzerGold” və KOBİA-nın arıçı fermerləri nəzəri və praktiki təlimlərə cəlb etməsi, arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları barədə məşğələlərin təşkil etməsi, paralel olaraq iştirakçılara dövlətin sahibkarlığın inkişafı istiqamətində icra etdiyi təşkilati, hüquqi və iqtisadi tədbirlər, sahibkarlıq subyektlərinə səmərəli maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminarların keçirməsi planlaşdırılır. Təlim və seminarları uğurla yekunlaşdıran arıçı fermerlərə sertifikatların, eləcə də fərdi təsərrüfatlarını inkişaf etdirmələri üçün arı ailələri, müvafiq dərman preparatları, zəruri avadanlıqların təqdim edilməsi nəzərdə tutulub.
“Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi ilk dəfə ötən ilin 31 mart – 28 aprel tarixlərində icra edilib. Layihə çərçivəsindəki təlimlərdə Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 arıçı fermer iştirak edib. Təlim və praktiki məşğələlərdə iştirak etmiş arıçı fermerlər sertifikatlarla təltif olunub, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib. Bundan başqa, Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib.
AzVision.az
Teqlər: Daşkəsən