"Ermənistanda vəkilin özünün müdafiəyə ehtiyacı var" - Zohrabyan

   "Ermənistanda vəkilin özünün müdafiəyə ehtiyacı var" -    Zohrabyan
  10 Fevral 2023    Oxunub:934
Erebuni polis idarəsinin əməkdaşları iki həmkarımızı təhqir edərək döyüblər. AzVision.az xəbər verir ki, bu barədə tanınmış erməni vəkil Ara Zohrabyan mətbuat konfransında məlumat yayıb.
O qeyd edib ki, iki azyaşlının polis tərəfindən döyülməsi ilə bağlı aparılan istintaq çərçivəsində qarşıdurma yaranıb.

"Qarşıdurma zamanı polis peşə fəaliyyətini həyata keçirən vəkillərdən birinə psixoloji təzyiqlər göstərməyə çalışıb. Vəkili ələ salıblar, sonra dəhlizə çıxararaq ona hücum ediblər. Dəhlizdə təhqir olunaraq döyülən vəkilin səsini eşidən digər həmkarı kabinetdən çıxıb. Nəticədə o da döyülüb və təhqir olunub”, - Zöhrabyan bildirib.

Onun sözlərinə görə, uzun illərdir ki, Vəkillər Palatası belə hallarla rastlaşmayıb.

Məşhur erməni vəkili MTX yaxınlığında öldürmək istədilər
Polis əməkdaşları hadisə yerinə gələn Vəkillər Palatasının sədri qarşısında özlərinə haqq qazandırmağa çalışıblar. Onlar iddia ediblər ki, vəkil özü polislərə təhqiredici sözlər deyib. Ona görə də polislər onu cəzalandırmaq hüquqlarını özündə saxlayıblar.

“Hətta hadisə bu cür başlasaydı və vəkil təhqiredici nəsə demiş olsaydı belə, o zaman ölkədə Vəkillər Palatası var ki, bu məsələ ilə bağlı müraciət etmək olardı”, - Zöhrabyan bildirib.

O, polis rəisinə və daxili işlər nazirinə müraciət edərək, təcili tədbir görülməsini, məlum polis əməkdaşlarının əməllərinə konkret hüquqi qiymət verilməsini, heç olmasa onların səlahiyyətlərinin əllərindən alınaraq fəaliyyətinin dayandırmasını istəyib.

"Onlar polis kimi qala bilməzlər. Elə bir vəziyyət yaranıb ki, vətəndaşı qorumaq üçün illərlə təhsil alaraq təlim və təcrübələr keçən vəkilin özünün müdafiəyə ehtiyacı yaranıb. Hətta onlar belə polisin hədəfinə çevrilə bilərlər", - Zöhrabyan ölkədəki hüquqi dərəbəylikdən gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Vəkil   Polis  





Xəbər lenti